AzEdu.az saytı Azərbaycanın müxtəlif bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.
Budəfəki yazı AzEdu.az –ın “Ucqar kənd müəllimləri” şəbəkəsinin Bərdə rayonundan olan üzvü, Kimya müəllimi Elşən Ramizoğluna aiddir.
AzEdu.az yazını təqdim edir:
Sonuncu ölən ümidlərdir
Müəllimlərin işə qəbulu üzrə keçirilən müsahibədə komissiya üzvü kimi iştirak edən direktorlar, neçə müəllimi bu gün kəsdiniz?
Maraqlıdır, siz özünüzü heç o müəllimlərin yerinə qoymusuz? O müəllimlərin nə yaşadığını bilirsiz? Mən bilirəm, ona görə soruşuram. I turdan keçmiş,qəbul olduğu orta məktəbi görüb sevinc yaşayan müəllim, bir müddət sonra yenidən həyəcan yaşayır. Bu həyəcan tək sənin sualına cavab verməyiylə kifayətlənmir. Qarşındakı şəxsin kimliyi ilə də əlaqədardır. Məhz onlara görə, müəllimlər Təhsil Nazirliyinə sığınır.
Bəli, direktorları deyirəm,rəhbərlik etdiyi məktəbdə müəllimlərin qədrini bilməyən, indi məktəblərə müəllimləri layiq bilirlər. Özləri nəyə layiqdir, o qalsın başqa vaxta. Deyirlər ki, filan müəllim yüksək bal toplamışdı, ancaq suallara cavab verə bilmədi. Yəqin, müəllim yüksək balı armud əvəzinə toplayıb. Əllərində Azərbaycanın bayrağını tutmayıb, işçisinə verənlər, ancaq yüksək bal toplamış müəllimi kəsdiyini bayraq kimi tutub əllərində saxlayırlar. O müəllim kəsəndə (kəsiləndə demirəm) nə yaşadığını bilirsiz? Onların valideyninin fikir çəkmələri, övladım bir il nə qazanacaq, nə yeyəcək deyə fikirləşmələrini heç yadınıza salırsız?
“Kiminsə uşağını bədbəxt edə bilmərəm” deyib özünü düz hesab edən, müəllimin boğazından kəsəndə onun uşağını fikirləşirsiz?
Məktəb başlayandan sonra “komissiya üzvü idim, filan müəllim belə cavab verdi, elə etdi” deyib, müəllimləri müzakirəyə çıxarırsız. Məktəbdə oturduğunuz kresloda müəllimlər nə gördü ki, komissiya üzvü kimi də görələr?!
Hələ bəzi kurs rəhbərlərinin ölmüş leşə milçək yığışan kimi komissiya üzvlərinə verdiyi tərifləri demirəm! Nə fikirləşirsiz?! Müsahibə suallarını bilib, iki qat qiymətə satmağı?!“Orada tanışım var deyib”, genəlməyi?! Bəzi direktor həmkarların xüsusi dəstəyini hələ demirəm. Lazım olanda kimisə xahiş etmələri var. Düz edirsiz, indi onların qızıl yox, briliyant vaxtlarıdır. Can ay müəllimlərimiz, əziz həmkarlarım, sonuncu ölən ümidlərdir deyirlər, o ümidlər də də öldü..