İstənilən pillə üzrə ölkə təhsil sistemindəki ən vacib müzakirə mövzularından biri də təhsilin keyfiyyəti, təşkili və məzmunudur.
Bəs təhsilimizin təşkili nəyə əsasən həyata keçirilir?Hansı tələblər mövcuddur?
AzEdu.az xəbər verir ki, Qanuna əsasən təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.
Təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil edilir. Təhsilin hər bir pilləsində insanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.
Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.
Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.