Azedu.az

Gələcəkdə imtahanlar il ərzində istənilən zaman keçirilə bilər-Ekspert buraxılış imtahanlarından DANIŞDI

24 Yanvar 2022, 10:48
Gələcəkdə imtahanlar il ərzində istənilən zaman keçirilə bilər-Ekspert buraxılış imtahanlarından DANIŞDI

 

“Gələcək illərdə ola bilsin ki, imtahanlar il ərzində istənilən zaman keçirilsin. DİM tərəfindən bu barədə düşünülür”

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi DİM tərəfindən keçirilən buraxılış və blok imtahanlarının detallarından danışarkən qeyd edib.

 

Ekspert buraxılış imtahanlarının attestat imtahanları hesab olunması ilə bağlı insanlarda çaşqınlıq yarandığını bildirib:

 

“Buraxılış imtahanı cari ilin məzunlarının qəbul imtahanlarının I mərhələsidir. Əvvəlki illərin məzunlarının da qəbul imtahanıdır ki, həmin imtahanda əldə olunan 300 bal blok imtahanında (II mərhələ) əldə oluna biləcək maksimum bal 400 balın üzərinə toplanır. Beləcə abituriyentin hər iki imtahan nəticəsi əsasında ixtisas seçim mərhələsinə buraxılıb-buraxılmayacağına aydınlıq gəlir. İnsanlarımızda çaşqınlıq yaradan məqam buraxılış imtahanlarının attest imtahanı hesab olunmasıdır ki, bu əslində belə deyil. Attestat illik qiymətlər əsasında formalaşır ki, burada buraxılış imtahanı verilən fənlərin (Azərbaycan dili, (rus dili), riyaziyyat və xarici dil) də qiymətləri ilə yanaşı imtahanda əldə olunan nəticələr də öz əksini tapır. Bir daha qeyd edirəm ki, buraxılış imtahanı attestat imtahanı deyil. Attestat üçün imtahan keçirilmir. Attestat qiymətləri illik qiymətlər əsasında müəyyənləşir”.

 

Proqrama tam salınan mövzular əvvəlki illərin məzunlarını əhatə edir: Nəzərinizə çatdırım ki, buraxılış imtahanları cari ildə əvvəlki illərə nisbətən erkən keçiriləcək. Bu imtahanda şagirdlərin bilik və bacarıqları onların müvafiq dövrədək (imtahanadək) keçdikləri mövzuları əhatə edəcək. Dövlət İmtahan Mərkəzinin Abituriyent jurnalının xüsusi buraxılışında mövzular barədə məlumat verilib və bəzi insanlar tərəfindən abituriyentlər yanlış istiqamətləndirilir ki, bəs bütün mövzular var. Bəli, mövzular var, amma onlar əvvəlki illərin məzunları nəzərə alınaraq yazılıb. Çünki əvvəlki illərin məzunları proqramı ötən il tam başa vurublar.

 

Ekspert gələcəkdə imtahanların il ərzində istənilən zaman keçirilə biləcəyini qeyd edərək bu istiqamətdə xarici ölkələrin təcrübəsinə nəzər salıb:

 

“Əslində imtahan zamanı şagirdlərin bilik və bacarıqlarının yoxlanılması əsas götürülür ki, bu zaman onların mənsimədikləri mövzular üzrə də bunu tətbiq etmək mümkündür. Biz xarici ölkələrə nəzərə saldıqda müəyyən edə bilərik ki, bir çoxunda imtahanlar dekabr ayından başlanır. Bir çoxunda fevral və ya mart. Hətta elə ölkələr var ki, onlarda il ərzində imtahan vermək mümkündür. Yeri gəlmişkən qeyd edim ki, DİM tərəfindən bu barədə düşünülür. Yəni gələcək illərdə (5-10 il çəkər fikrimcə) ola bilsin ki, imtahanlar il ərzində istənilən zaman keçirilsin. Cari ildə keçiriləcək buraxılış imtahanlarında cari ilin məzunları imtahanadək keçdikdləri əsas mövzular üzrə, əvvəlki illərin məzunları isə tam proqram üzrə imtahan verəcəklər. Buraxılış imtahanları istər cari ilin, istərsə də əvvəlki illərin məzunları (ilk dəfə müraciət edirlərsə) üçün ödənişsizdir”.

 

 

İmtahan ödənişi ötən ilə əsasən 40 azn təşkil edir, amma artım da gözləniləndir

 

“İmtahanda iştirak üçün imtahan qiymətlərində dəyişiklik olub-olmayacağı ilə bağlı rəsmi bir qərar yoxdur. Əgər yadınızdadırsa sınaq imtahanlarının qiyməti artdığı üçün ola bilər ki, qəbul imtahanı üçün nəzərdə tutulan rüsumlarda da müəyyən artım olsun deyə bir müddət əvvəl qeyd etmişdim. Hələki biz ötən ilin rüsumlarını nəzərə alsaq, qəbul imtahanının həm I, həm də II mərhələsi üçün bu ödəniş 40 AZN təşkil edir. İmtahanların keçirilməsi zamanı müəyyənləşdirilən zonalar I və II zonalardır. İstənilən zona I və ya II ola bilər ki, bunu da qarşıdakı həftə ərzində öyrənəcəyik”.

 

Mütəxəssis bu il abituriyentlərə blok imtahanı üzrə ikinci şans verilməsinin nəticələrə təsirindən danışıb:

 

“Bu il abituriyentlərə blok imtahanı üzrə iki dəfə şans verilməsi nəzərə tutulur ki, bu da onların nəticələrinə müsbət təsir göstərəcək. Aparılan sorğu əsasında yüksək bal toplayan abituriyentlər buraxılış imtahanlarından sonra aradakı zamanın çox olmasının tərəfdarı olduqlarını bildirirlər. Buna səbəb kimi buraxılış imtahanını verdikdən sonra kifayət qədər zaman olarsa, blok imtahanı üzrə yalnız 3 fəndən daha rahat hazırlaşmağın mümkün olduğu qeyd edilir”.

 

O, bir çox abituriyentin buraxılış nəticəsinin qəbul nəıticəsindən daha yaxşı olduğunu bildirib:

 

“Bundan əlavə qeyd edim ki, buraxılış imtahanı abituriyentlərin daha yaxşı nəticə əldə etdikləri imtahandır. Belə ki, bu imtahanda yanlış cavablar doğru cavablara təsir etmədiyi üçün abituriyentin əldə etdiyi nəticə olduğu kimi qalır. Yəni etdiyi 1 səhv belə onun cavablandırdığı digər doğru cavabdan bal aparmır. Ona görə də bir çox abituriyentin buraxılış imtahanında əldə etdiyi nəticə blok imtahanına nisbətən, daha yaxşı olur. Cari ilin məzunları üçün buraxılış imtahanlarına bir ay və yaxud ay yarım, əvvəlki illərin məzunları üçün isə iki aydan çox vaxt qalıb. Qalan vaxtdan maksimum yararlanmaq lazımdır. Ərizə qəbulu mart ayında başlanacaq”.

 

Ekspert son olaraq  bütün abituriyentlərə uğurlar arzu edib.

 

Qeyd edək ki, qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir

 

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox