“Yeni qayda əslində yoxlanış mərhələsi idi, alınsaydı belə davam edəcəkdi. Görünür ki, sınaqdan uğurla keçmədi və yenidən əvvəlki sistemə qayıtdılar”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı gənc müəllim Elşən Ramizoğlu deyib:
“Bildirmişdilər ki, ali və ya orta ixtisas diplomunu “scan” edib yüklədikdən sonra vakansiya seçimi edə bilərdilər. Müəllimlərin problemi buradan yarandı. “Scan” etmək deyəndə müəllimlərdə qorxu yarandı. Əslində diplomun aydın çəkilən şəklini yerləşdirməklə məsələ həll olunurdu. Burada məqsəd diplomun saxta olub-olmaması, tanınması, həmçinin şəxsin ixtisasının müəllimliyə uyğun olmasını yoxlamaq idi. Diplom əlavəsinin də yüklənməsini dedilər, halbuki bir çox müəllimlərimizin diplom əlavəsi yoxdur”.
E.Ramizoğlu bildirib ki, bu da müəllimləri qorxuya salan ikinci problem oldu:
“Düşündülər ki, vakansiya seçimində iştirak edə bilməyəcəklər. Nazirlikdən əlavənin yüklənməməsinin heç bir problem yaratmayacağını da bildirdilər. Vakansiya seçiminə son günlər qalmış hələ də diplomu yükləməyə çətinlik çəkdiklərinə görə, belə bir addım atıldı.Bu proses bir gün daha uzadıldı. Sosial şəbəkədən istifadə etməyən müəllimlər yeniliklərdən məlumatsız olurlar. Nazirliyin rəsmi saytında bu haqda ətraflı məlumat verilmir. Atılmış son addım onu göstərdi ki, yəni eybi yox diplomu da yükləməyin, yetər ki, vakansiya seçimi edin. Diplomların yoxlanılması müsahibə mərhələsində olacaq. Texnologiya dövründə bu prosesin elektron variantda olması gözəl idi, ancaq problemlerin yaşanması geri addım atmağa səbəb oldu. Hər halda müəllimlərin işini asanlaşdırdı”.
Qeyd edək ki, 7 avqustda edilən dəyişikliyə əsasən MİQ üzrə vakansiya seçimində diplom və əlavəsini yükləmədən vakant yerləri seçmək mümkündür.