“Təhsil sahəsində kiminsə qohum və tanışı olmaq kimi kriteriyalar aradan qalxmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
“Etibar Əliyevin dediyi fikirlər təhsildə 7-8 ildir ki, hökm sürür. Biz bu tip məsələlərlə bağlı daima müzakirələr aparırıq. Belə ki, təhsillə əlaqəsi olmayan, bu sahədə akademik biliyə yiyələnməyən, təcrübəyə sahib olmayan şəxslər həmin sektorda təmsil olunur. Onların yalnız xaricdə təhsil almaları, kiminsə tanışı və qohumu olması faktoru əsas götürülərək işə qəbul edilir. Belə kriteriyalar əsas götürülərək müxtəlif şəxslər işlə təmin edilir. Son 8 ildə ən çox xarici dil bilən insanların önə çəkilməsi və onların təhsil sahəsində bilik və bacarıqlarının olmaması göz qabağındadır.
Hazırda təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində baş verən hadisələr göz önündədir. Həmçinin, ali təhsil səviyyəsində baş verən olaylar da hamıya aydındır. Bütün bu əməllərin qarşısı alınsın deyə, dövlət nəzarəti gücləndirməlidir. Çünki bu, sıradan deyil, milli məsələdir və öz növbəsində dövlətin gələcəyi üçün pis hallara yol aça bilər”.
Təhsil eksperti baş verən hadisələrin qarşısının alınması üçün nə kimi addımların atılmasını təklif edib:
“İlk olaraq, təhsil sahəsinə bu sektorun adamı olan şəxslər gətirilməlidir. Xaricdə təhsil almaq, kiminsə qohum, tanışı ,sinif və tələbə yoldaşı olmaq kimi kriteriyalar aradan qalxmalıdır. Bu, baş verməsə, çox mənfi nəticələrə gətirib çıxaracaq. Ona görə də birinci növbədə təhsillə bağlı olan, həmin prosesin içində yetişən şəxsləri irəli çəkmək lazımdır. Onları prosesə cəlb etmək vacibdir. Təhsil qurumlarının kadr islahatları adı ilə aparılan fəaliyyətləri heç bir nəticə verməyəcək. Hətta təyin edilən yeni işçilər bir müddət sonra qanunu kobud şəkildə pozur və nəticə etibarı ilə ya vəzifədən uzaqlaşdırılır, ya da hərəkətləri ört-basdır edilir. Bu baxımdan təhsillə bağlı olan şəxslər önə çəkilməli və bu qanunsuzluqlar aradan qaldırılmalıdır”.