Təhsilini xaricdə davam etdirən, həm təhsil, həm də iş həyatında uğurlar qazanan Azərbaycan universitetlərinin məzunları az deyil.
Onlardan biri də Fərqanə Bayramlıdır. Fərqanə, 2019-cu ildə UNEC SABAH qruplarının bakalavr məzunudur. O, magistratura təhsilini Macarıstanın Corvinus Universitetində alıb.Həm bakalavriat,həm də magistratura pilləsində təhsil alarkən bir çox sosial aktivliklər göstərən, uğurlar qazanan Fərqanə Bayramlı, hazırda ABŞ-ın üçüncü ən böyük bankı hesab oluann CitiBAnk-da çalışır.
AzEdu.az bu istedadlı gənclə olan müsahibəni oxuculara təqdim edir:
Əvvəlcə onu öz dilindən tanıyaq...
“Hal-hazırda Budapeştdə yaşayır və CitiBankın Budapeştdəki filialında çalışıram. Bundan öncə Vodafone şirkətində maliyyə departamentində təcrübəçi olmuşam. Əlavə olaraq, Azərbaycanın Macarıstandakı səfirliyində təcrübə keçmişəm. Azərbaycanda olduğum müddətdə isə CAVAN Gənclər Hərəkatı İctimai Birliyində layihə meneceri olaraq çalışmışam. 2019-cu ildə Azərbaycan Gənclər Fondu tərəfindən təşkil edilmiş proqrama seçilərək, Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentində təcrübə keçmişəm”.
-Orta məktəb illəriniz haqqında bir az danışardınız. Ən sevdiyiniz fənn hansı idi, nə kimi aktivlikləriniz olub? Qəbul imtahanlarına necə hazırlaşdız?
-Orta təhsilimi Bakı şəhəri Texniki-Humanitar liseyində almışam. Məktəbi əla qiymətlərlə oxumuşam. Bütün fənləri bərabər olaraq əla səviyyədə oxumağıma baxmayaraq, ən sevdiyim və böyük həvəs göstərdiyim fənn Azərbaycan dili və ədəbiyyat olub. Azərbaycan dilinin qrammatikasını hər zaman böyük həvəslə öyrənmişəm. Ədəbiyyat fənnində isə dərslərimdən əlavə şeirlər öyrənmiş, sinif yoldaşlarımla birlikdə tamaşalar təşkil edib, bədii əsərləri canlandırmışam. Bundan əlavə olaraq, bu fəndən məktəblərarası keçirilən fənn olimpiyadasında 1-ci yerə layiq görülmüşəm”.
-Bakalavr təhsili üçün UNEC-i seçmisiz. Niyə məhz UNEC? Tələbəlik illərinizi necə dəyərləndirdiz?
- UNEC-in reytinqlərdə ön sırada olması, tələbələr üçün yaratdığı xaricdə təhsil imkanları, SABAH qruplarının mövcud olması məni çox böyük motivasiya etdi. Və buna görə də UNEC-i və SABAH qruplarında təhsil almağı seçdim. Tələbəlik həyatım çox aktiv keçib. Hələ 1-ci kursdan başlasaq, sinif nümayəndəsi oldum. Daha sonra isə müxtəlif tədbirlərə qatılıb, Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil etdim. Belə ki, BMT tərəfindən həyata keçirilən yay məktəblərində, ELSA tərəfindən keçirilən hüquq dərslərində, MUN tədbirlərində aktiv iştirak etmişəm. "Erasmus plus" proqrami vasitəsilə Türkiyədə mübadilə proqramının, Macarıstanda bakalavr üzrə mübadilə proqramlarının qalibi olmuşam.
"Erasmus plus" vasitəsilə iştirak etdiyim tədbirlərdən biri də Litvanın Vilnüs şəhərində innovasiyalar və startaplarla bağlı konfrans olub.
Daha sonra növbəti illərdə Misirin Şarm-Əl-Şeyx şəhərində keçirilən Dünya Gənclər Forumunun iştirakçısı olmuşam.
Avropa Parlamentində təcrübədə olduğum müddətdə NATO-nun qərargahında iştirak edərək, Azərbaycanın NATO-dakı nümayəndəliyi ilə bağlı məlumatlar əldə etmişəm”.
-Bildiyimiz qədərilə, magistratura səviyyəsi üzrə təhsilinizi Macarıstanda almısız. Müraciət prosesiniz necə oldu?
“Azərbaycan Respublikası və Macarıstan Hökuməti ilə olan “Stipendium Hungaricum” təqaüd proqramına müraciət etdim. İlk öncə Təhsil Nazirliyinin həyata keçirdiyi müsahibə mərhələsindən, daha sonra isə Macarıstanın universiteti ilə müsahibə mərhələsindən keçərək, 100 üzərindən 100 bal alaraq qəbul oldum”.
Xaricdə təhsil almağın nə kimi üstünlükləri və çətinlikləri var? Macarıstanda təhsil sizə nələr qazandırdı?
-Qıraqdan nə qədər asan və uğurlu görünsə də, bu uğurların çətinlikləri də var. İlk öncə Vətənimizdən və ailədən uzaqda qalmaq çətindir. Hər an yanında doğmalarımız yoxdur. Daha sonra ingilis dili bilməyən yerlərdə dil ilə bağlı çox çətinliklər olur. Bayramlarda isə isti keçən abu-havadan uzaq olmaq da çətinliklərdən biridir. Hətta Zəfər bayramında mən və həmyerlilərim Vətəndə olmağı çox istədik.
Xaricdə təhsil almağın üstünlüklərindən biri insanı daha məsuliyyətli olmağı öyrədir və gücləndirir. Bundan əlavə, fərqli mədəniyyətlə tanış olmaq, yeni iş təcrübələri qazanmaq inkişafa gedən yoldan biridir”.
-Magistratura təhsilinizi bitirdikdən sonra fəaliyyətinizi hansı istiqamətdə davam etdirdiz?
-İqtisadi təhlil ixtisasına yiyələnərkən Maliyyə departamentində təcrübəçi olaraq çalışdım. Hazırda da maliyyə sahəsində çalışıram”.
-ABŞ-ın üçüncü ən böyük bankı olan CitiBank-a işə qəbul olmusunuz. Bu münasibətlə sizi ürəkdən təbrik edirik. Gələcək üçün başqa nə kimi planlarınız var? Nə zamansa ölkəyə qayıtmaq bu planlar arasında yer alır?
-Öncə təşəkkürümü bildiririrəm. Azərbaycanda qazandığım təcrübələr məni müəyyən dərəcədə gələcəyə hazırlamışdı artıq. Gələcəkdə daha çox öz üzərimdə çalışaraq, xaricdə qazandığım təcrübələri Azərbaycanda tətbiq etməyi planlayıram.
-Uğurlu təhsil yoluna malik və karyera yolunda inamla addımlayan biri olaraq ölkəmizin gənclərinə nə kimi tövsiyələriniz olar?
-Təhsil və karyerada uğurlar qazanıb, inkişaf etmək böyük zəhmət tələb edir. Atdığınız bir addım uğursuz alına bilər, sizi ətrafınızdakı insanlar yolunuzdan döndərmək istəyə bilər,bir çoxları qınaya və motivasiyadan düşürə bilərlər. Lakin sizin məqsdiniz birdirsə və inkişaf yönümdədirsə, deməli siz haqlınız. O yolda dayanmadan irəliləyin. Mənim hər zaman bir həyat devizim vardır: Zirvədəki mənzərə o qədər gözəldir ki, ona çatmaq üçün bütün əngəlləri aşmağa dəyər. Sizin mənzərəniz qarşınıza qoyduğunuz o hədəfləriniz olsun. Uğurlar hər kəsə!”