Bu il ali təhsil müəssisələrinə qəbul olunanlar arasında şəhid övladları, müharibədə valideynlərini itirənlər də var.
Onlardan biri də 2020-ci 11 oktyabrda erməni vandalları tərəfindən Gəncəyə edilən raket hücumu nəticəsində hər iki valideynini itirən Sevinc Əliyevadır.
Əliyeva Sevil Anar qızı 18 dekabr 2003-cü ildə anadan olub. Gəncə şəhər 20 nömrəli tam orta məktəbi bitirən Sevil, ən sevdiyi fənnin Riyaziyyat oldunu bildirib.
Sevincini AzEdu.az ilə bölüşən Sevil, “imtahanlara necə hazırlaşdınız?” sualımıza cavab olaraq, həyatın bütün çətinliklərinə rəğmən, ayaqda dimdik qalmağın lazım olduğunu bildirib:
“Çünki həyatın bütün çətinliklərinə rəğmən dimdik ayaqda qalmaq lazımdır. Mən tək deyiləm, qardaşım var. Ən azından onun üçün ayaqda qalmalı idim və bunu bacardım. Ən əsası isə valideynlərimin əziyyətini yerə sala bilməzdim. Ali məktəbə qəbul olub onların arzularını həyata keçirəcəyimə görə valideynlərimə söz vermişdim”.
Sevil bank işlərini sevdiyi üçün təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində, İqtisadiyyat fakültəsi üzrə davam etdirəcəyini bildirib.
Son olaraq o, valideyn itkisinin çox ağır olduğundan danışıb:
“Valideyn itkisi bu həyatda yaşana biləcək deyərdim ki, ən ağır duyğudur,həqiqətən sözlərin bitdiyi yerdir. Allah heç kimə vaxtsız bu itkini yaşatmasın”.