Hər il keçirilən qəbul imtahanlarından sonra mediada hansısa abituriyentin intihar xəbərinə rast gəlinir. Bəziləri problemi ictimai qınaq, bəziləri isə valideyn-övlad münasibətlərinin düzgün qurulmaması ilə əlaqələndirir. Məsələdə medianı günahlandıranlar da az deyil.
Bəs qəbul imtahanlarında maksimum nəticə əldə edərək hər kəsə nünunə göstərilən gənclər problemin qaynağını nədə görürlər?
AzEdu.az bu sualla bir neçə 700 bal toplayan gəncə müraciət edib.
2017-ci ildə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən ADA Universitetinin tələbəsi Pərvin Əhmədova bildirib ki, məsələdə əsas məqam şagirdə valideyn və ətrafın təsiridir:
“Kimlərsə yüksək bal toplaya bilər, bu, təbiidir. Ancaq bunu şagirdə başqaxıncı etmək, çox bal toplayanları övladına “xalxın uşağı” kimi nümunə göstərmək düzgün deyil. İntihar edən şəxsləri televiziyada göstərdikcə də bu hallar adiləşir. Bu problem haqda danışmaq əvəzinə onun həllini tapmaq lazımdır. İntihar xəbərləri insana təsir edir, xüsusilə də 16-17 yaşlı birinin bu informasiyanı qəbul etməsi başqalarından fərqli şəkildə baş verir. 17 yaşlı yeniyetmə ailəsini düşünmür, çünki “onlar mənim nə istədiyimi də, məni də önəmsəmirlər, ancaq təzyiq göstərirlər” fikri ilə yaşayır. Bəzən, sevilmədiklərini düşünürlər. Valideyn “sən hər şeydən dəyərlisən”, “nə bacaracaqsansa, onu da et”, “biz hər zaman səninləyik” kimi ifadələr səsləndirməlidir. Yoxsa, “bu qədər bal yığmasan, deməli, müəllimlərə verilən pulu çölə atmış olacağıq”, “necə məsuliyyətsizsən” kimi sözlərlə şagirdlə ünsiyyət qurmaq olmaz. Valideyn yetkin biridir, amma yeniyetmə tamamilə başqa düşüncədədir. Bir anda sıxıla və bunun çarəsini intiharda görə bilər”.
Pərvin Əhmədovanın sözlərinə görə, məktəb psixoloqlarının üzərinə də böyük yük düşür:
“Şagird günün bütün hissəsini məktəbdə keçirir. Buradakı mühit də ona təsir göstərir. Məktəb psixoloqları da mütləq diqqətli olmalıdırlar.
Hazırda elə hal yaranıb ki, uşaqların yox, valideynlərin psixoloqa ehtiyacı var deyə, düşünməyə başlayırsan. Başqalarının fikirlərini həddən artıq ciddi qəbul edib, özü deyil, övladı vasitəsilə başqaları ilə rəqabətə girən valideynlər var. Üz-üzə gələn kimi “qızın nə qədər bal topladı?” deyə bir-birlərindən soruşurlar. Niyə bu qədər maraqlıdır? Hər şeydən vacib nəticə deyilmi? Sağlam yaşam, insanın istədiyi kimi həyata davam etməsi üçün valideyn dəstəyi ən vacib şərtdir”.
2018-ci il yaz qəbul imtahanlarının daha bir vunderkindi 45 saylı tam orta məktəbin məzunu Elvin Kərimli deyib ki, az bal toplayanların intihar etməsinin 700 bal toplayanların reklam edilməsi ilə heç bir əlaqəsi yoxdur:
“Neçə illərdir, imtahanda maksimal nəticə göstərən abituriyentlərimiz olub və olacaq. Bu da normaldır. Biz istəsək də, istəməsək də cəmiyyət bu cür bacarıqlı gəncləri tanımaq və özünə örnək götürmək istəyəcək. Əgər intihar edən gənclərin ailələri ilə yaxından maraqlansaq, görərik ki, bu ailələrdə dərin psixoloji məqamlar var. Ata-ana münasibətlərində gərginlik, ailəyə başqa müdaxilələr və bu kimi bir çox problemlər gəncləri sarsıdır və imtahan son damla olur. Sadəcə, valideynlər uşaqlara təzyiq göstərməməli və uşaqlarının daim arxasında olmalıdırlar. Hər bir valideyn öz övladlarının daxili imkanlarını və potensialını bilməli və onları düzgün istiqamətləndirməlidir. Necə deyərlər, hər oxuyan Molla Pənah olmaz”.
Qeyd edək ki, 2017-ci il qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Arzu Məmmədzadə açıqlmasında insanın iradə zəifliyini, "hər kəs universitet oxumalıdır" tendensiyasını, valideynlərin uşaqları sıxışdırmasını və yüksək bal toplayan abituriyentlərin mediada həddindən artıq reklam edilməsini az bal toplayan abituriyentlərin intihar səbəbləri kimi göstərib.