Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planına əsasən, bəzi rayonların ümumi təhsil müəssisələrində “Mina təhlükəsinə dair maariflənmə” dərsləri keçiriləcək.
Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində “Mina təhlükəsinə dair maariflənmə” adlı kurslar təşkil edilir.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu kurslar dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə tədris edilir.
Kursun tədrisinə müvafiq hazırlığı və səriştəsi olan müəllimlər cəlb edilir. Həmin müəllimlər ANAMA tərəfindən mütəmadi olaraq təlimatlandırılırlar.
Qeyd edək ki, “Mina təhlükəsinə dair maariflənmə” kursu əvvəlki illərdə də tədris olunmuşdur.