Hər il bir çox abituriyent müəyyən çətinliklərlə mübarizə apararaq ali təhsil müəssisələrinə qəbul olunur.
Bu gənclərimizdən biri də Samir Abdullayevdir. Samir Azərbaycanda xərçənglə mübarizə apararaq universitetə qəbul olan bəlkə də ilk tələbədir.
Orta məktəbdə oxuyarkən xərçəng xəstəliyindən əziyyət çəkən və 3 ilə yaxın xəstəxanada qalaraq əməliyyat keçirən, kimya terapiyalar alan gəncimiz bütün çətinliklərə baxmayaraq istədiyi universitetə qəbul olmağı bacarıb.
AzEdu.az, - “Uğur əngəl tanımaz”- deyərək təhsil almaq üçün mübarizə aparmaqdan əl çəkməyən bu gənclə müsahibəni təqdim edir.
Əvvəlcə onu öz dilindən tanıyaq...
Mən Abdullayev Samir Qurban oğlu, 27 yanvar 2002 -ci il tarixində Ağdaş rayonunda anadan olmuşam. Özümdən kiçik iki qardaşım var. Biri hazırda 11-ci sinifdə oxuyur, digərinin isə 6 yaşı var.
-Orta məktəb illərində dərslərə hazırlığınız necə idi? Nə kimi aktivlikləriniz olub?
-Məktəb illərim çox gözəl keçib. Olimpiadalarda qalib olmuşam, həmçinin sınaq imtahanlarında yaxşı nəticə göstərmişəm. Bir çox kurslara gedirdim. Hər zaman sınaq imtahanlarında yüksək nəticə göstərərək müəyyən yerlər tutduğum üçün region kurslarında ödənişsiz tədris hüququ qazanırdım.
Məktəb tədbirlərində, yarışlarda hər zaman aktiv idim. İştirak etdiyim müsabiqə və yarışlarda hər zaman uğur qazanırdım, müəllimlərim məni sevirdi. Məktəb illərindən bir çox diplom və Fəxri Fərmanlarım var.
-Xəstəliyinizi ilk nə zaman və necə öyrəndiniz? Bu sizin təhsilinizdə nə kimi çətinliklərə səbəb oldu?
-10-cu sinifə hələ yeni başlamışdım. Bir gün ayağımda şiş olduğunu gördüm, əmimgilə gələn həkimə göstərdim. Həkim bunun yaxşı bir şey olmadığını, müalicə üçün ya Türkiyə ya da İrana göndərilə biləcəyimi dedi. Daha sonra Ağdaş Rayon Xəstəxanasına getdik, oradan isə bizi Bakıya göndərdilər. Bakıda mənə sümük xərçəngi diaqnozu qoyuldu. 3-4 ay ciddi müayinədən sonra əməliyyat olundum. Əməliyyatdan sonra çox ağır günlər keçirdim, hardasa bir il boyunca xəstəxanada yatdım. Eyni zamanda o ərəfələrdə maddi baxımdan da çox ciddi problemlər yaşadıq. Hadisədən 3 il keçib, ancaq biz hələ də o zamank; borcları ödəyirik. Bu xəstəlik təhsilimə çox böyük çətinliklər yaratdı. Yaddaşımı itirdim, hətta valideynlərimi belə güclə tanıyırdım. Qəbul imtahanlarına hazırlaşa, heç bir şey edə bilmirdim. Yenə də düşünürdüm ki, şükür etmək lazımdır,deməli, xeyirlisi bu imiş.
-Bu mübarizədə ən böyük dəstəkçiniz kim idi?
-Bu mübarizədə ailəmlə yanaşı mənə ən çox dəstək olan, həyatımı qurtaran Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva oldu. 5 gün idi ki, xəstəxanada yatırdım. Bir iynə vurulmalı olduğu üçün ac-susuz idim, ancaq iynə vurulduqdan sonra yemək yeyə bilərdim. Həkim həyatımın təhlükədə olduğunu dedi. Bundan təxmini 2-3 saat sonra Leyla xanım mənə baş çəkib, pis vəziyyətdə olduğumu gördü. Dərhal müalicəm üçün lazımı tədbirlər görüldü, iynələr vuruldu və müalicəm tamamlandı. Demək olar ki, həyatımı Leyla Əliyevaya borcluyam.
-Azərbaycanda xərçənglə mübarizə apararaq universitetə qəbul olan bəlkə də ilk tələbəsiniz. Bu çox böyük qalibiyyətdir, təhsilə olan həvəsiniz, mübarizə əzminiz təqdirəlayiqdir. Yəqin ki, bu vəziyyətdə imtahanlara hazırlaşmaq o qədər də asan olmadı. Bir az qəbul prosesinə hazırlığınızdan danışardız...
-Bəli, həqiqətən çox ağır vəziyyətdə idim,yaddaşımı itirmişdim. Düşünürdüm ki, artıq qəbul imtahanı verməyim, bunu bacarmayacağam. Amma yenə də geri çəkilmədim. İmtahanlara az qalmasına baxmayaraq, oxumağa, ciddi şəkildə hazırlaşmağa başladım. Kitab oxuyurdum, gözümün önündə hərflər qarışırdı, başım fırlanırdı. Bu səbəblə bir mətni 10-15 dəfə təkrar-təkrar oxuyurdum. Bu yolda Ağdaş rayonunun region kursunun müəllimləri mənə çox yardımçı oldular. Bir də rayonumuzun Yuxarı Ləki kənd müəllimi Nəzakət müəllim çox köməklik göstərdi. Artıq imtahan zamanı gəldi. Mənə insan içinə çıxmaq olmazdı.Bu səbəblə üç saat davam edən imtahanda mən bir saat çətinliklə dayana bildim. Daha sonra imtahanların nəticələri açıqlandı və ixtisas seçimlərində iştirak etdim. Nəticə olaraq 7-ci sinifdən etibarən arzusunda olduğum universitetə, Azərbaycan Turizm və Menecment Universitetinə qəbul oldum. Çox çətinliklərdən keçsəm də, sonunda bunu bacardım.
-Bildiyimiz qədər, hazırda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsisiniz. Məqsədiniz olan tələbə adını uğurla qazandız. Dərsləriniz, universitetdə kollektivlə münasibətiniz necədir?
-7-ci sinifdən etibarən hər kəsə deyirdim ki, Azərbaycan Turizm və Menecment Universitetində təhsil almaq istəyirəm. Çünki qəbul olmadan öncə bu barədə yaxşı araşdırma etmişdim. Şəffaf təhsil, peşəkar müəllimlər məni burada təhsil almağa həvəsləndirdi. Hazırda universitetimizin ən aktiv tələbələri sırasında demək olar ki, ilk üçlükdəyəm, hətta birinci yerdə də demək olar. Qrup koordinatoruyam,Turizm bələdçiliyi ixtisasında təhsil alıram. Dünyanın ən məşhur bələdçilərindən olmaq və Azərbaycanın turizm potensialını dünyaya göstərmək istədiyim üçün bu ixtisası seçdim.
-Sağlamlığınızla bağlı son durum nədir?
-Xərçəngə qalib gəldim,hazırda əsaların dəstəyi ilə gəzirəm. Əsalar olmadan bir-iki addım atmağa başlamışam, ən azından buna çalışıram. Ancaq yenə əsas əsaların dəstəyi ilə gəzirəm. Sağlamlığımla bağlı hər şey yolundadır.
-Gələcək üçün nə kimi planlarınız var?
-Azərbaycan Tələbə Gənclər Təşkilatında işləmək reallaşdırmağı çox istədiyim bir arzumdur. Qeyd etdiyim ki, ölkəmizin turizm potensialını dünyaya çatdırmaq, dünyaca ən məşhur bələdçilərdən olmaq istəyirəm. Nəticədə ölkəmizə daha çox turislər cəlb olunsun, ölkə iqtisadiyyatıma xeyir verilsin, Azərbaycan daha da inkişaf etsin istəyirəm. İstəyirəm ki, millətimin yaşam rifahı daha da yaxşılaşsın.
-Çox böyük mübarizə nəticəsində təhsilini davam etdirən biri olaraq sübut etdiniz ki, uğur əngəl tanımır. Son olaraq ali təhsil almaq istəyən, amma sizin kimi çətinliklərlə üzləşən insanlara nələr demək istəyərdiniz? Onlara nə kimi tövsiyələriniz olar?
-Mən təhsilimi davam etdirməklə sübut etdim ki, bunun üçün xəstə və sağlam arasında fərq yoxdur. Bu yolda hər zaman dediyim bir devizim var: “Uğur əngəl tanımaz,bəhanələrə sığınmaq lazım deyil”. Uğur əsla əngəl tanımır,mən bəhanələrə sığınmadım,əlimdən gələni etdim.Çünki insan nəyi istəsə bacara bilər. Hər birimizin həyatımızda gündəlik bəhanələrimiz var. Bu bəhanələrə sığınmaq lazım deyil,çünki sığəndıqca onlar bizi aşağı çəkir. Bir də baxırıq ki, vaxt gedir,ancaq biz heç nə bacara bilməmişik. Nə etməliyiksə onu ya indi edək, ya da heç vaxt. Xəstəliyə qalib gəlməyimə kömək olan əsas iki amil var idi: şəxsi intizam və reputasiya.Sizin haqqınızda kimindənsə xoş sözlər eşitmək sizdə xoşbəxlik yaradır və gələcəyə,görəcəyiniz işə həvəsinizi artırır,motivasiyanız yüksəlir.İstəyirsiniz ki, daha çox çalışıb, daha çox xoş söz eşidəsiniz. Bu reputasiyadır. Şəxsi intizam isə motivasiyamız olmadan nə isə etmək bacarığıdır. Şəxsi intizam əzələ kimidir,onu daim inkişaf etdirmək lazımdır. Bu bacarıq zəhmətkeş və ağıllı insanlarda daha çox inkişaf edir. Bu yönü inkişaf etdirməyə,məsələn, hər səhər iki dəfə zəngli saat qurmaq əvəzinə,bir dəfə qurub,çaldığı zaman ayağa qalxacağımıza söz verib buna əməl edərək başlaya bilərik. Şəxsi intizamımızı gücləndirərək daha çətin işlərin öhdəsindən gələ bilərik. Mən də eyni bunları etdim və köməyini gördüm. Uğur insana rahat şəkildə gəlmir. Onu qazanmaq üçün enerji sərf etməli, çox çalışmalıyıq.
Samir son olaraq təhsilini davam etdirmək üçün yaranan çətinlikdən danışıb:
-Biz rayonda qalırıq, universitetlərin açılmağına isə az qalıb. Mən Bakıda könüllülüklə məşğul olur və dil kurslarına gedirəm.Ancaq təəssüf ki, Bakıda qalmağa yerimiz yoxdur.Tək qala bilmirəm,çünki mənə ev yeməyi və xüsusi baxım lazımdır. Bu səbəblə təhsil aldığım müddətdə ailəmlə qalmalıyam. Qalmaq üçün yer olmadığı üşün isə problem yaranır.