2021-ci üzrə ali təhsilin doktorantura pilləsi üzrə keçirilən qəbul imtahanlarının nəticələri bir neçə gün öncə elan olundu.
Bu imtahanlarda ən yüksək nəticəni göstərən şəxs Çingiz Çingizzadədir.
O, doktorantura pilləsinə qəbul imtahanlarında 47 bal toplayaraq ən yüksək nəticə göstərən iki məzundan biridir.
AzEdu.az Çingiz Çingizzadə ilə olan müsahibəni təqdim edir.
Əvvəlcə onu öz dilindən tanıyaq...
-Mən, Çingizzadə Çingiz Nəsimi oğlu 1998-ci ilin iyun ayının 16-sı Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Ailəm kifayət qədər böyükdür. Atam, anam, 2 bacım və qardaşım var. Ailənin də ən kiçiyi elə mənəm. Orta təhsilimi Nərimanov rayonunda yerləşən Ankara Məktəbi, məktəb - liseyində almışam. Elə məktəb vaxtlarında çoxsaylı olimpiada və yarışmalarda iştirak etmişəm. Bakı şəhərində Tarix fənni üzrə I yerə layiq görülmüşəm. Məktəbi bitirdikdən sonra, TQDK (indiki DİM) qəbul imtahanından 662 bal toplayaraq, Bakı Dövlət Universiteti Hüquq fakültəsinə (ingilis bölməsi) qəbul olunmuşam. Bakalavr təhsilimi bitirdikdən sonra elə Bakı Dövlət Universitetində magistr təhsili almağa, həmçinin bu dövrdə işləməyə də başladım. İnnovasiyalar Agentliyi, ASG Business Aviation kimi müəssisələrədə çalışmışam. Hazırda isə “Legalize” MMC hüquq şirkətində işləyirəm. Bundan başqa Master School Tədris Mərkəzində ingilis dili müəllimi kimi də fəaliyyət göstərirəm.
-Bakalavriat pilləsini fərqlənmə diplomu ilə bitirmisiz. Bir az bu müddət haqqında danışardız. Dərslərə hazırlıq prosesiniz necə idi? İmtahanları necə verirdiz? Bu pillədə nə kimi aktivliklər göstərmisiz?
-Həyatımın ən maraqlı və sevincli dönəmi məhz Bakı Dövlət Universiteti ilə bağlıdır. 2015-ci ildə BDU-ya qəbul oldum. Universitet mənə çox şey qazandırdı. Ətrafım genişləndi, yaxşı dost, yoldaş əldə etdim. Semestr ərzində yaxşı oxuduğum üçün və imtahana çox tələbələr kimi 2-3 gün qabaqcadan hazırlaşmadığım üçün daim imtahanlardan yüksək bal almışam. Ortalama balım 95- dən çoxdur. Bakalavr təhsilim müddətində çox saylı məhkəmə simulyasiyalarında, seminar və təlimlərdə iştirak etmişəm. European Law Students Association-ının üzvü olmuşam. 2018-ci ildə mən, iki qrup yoldaşım - Sara və Tərcə ilə Azərbaycanı Gürcüstandanda keçirilən Vis-Moot (məhkəmə simulyasiyası) yarışmasında təmsil etməyə layiq görülmüşük. Bakalvr olduğum müddətdə Bakı şəhəri, Səbail rayonu Məhkəməsi, icra hakimiyyəti və prokurorluğunda (hər biri bir ay olmaqla) təcrübə keçmişəm. Ən maraqlı hissəsi isə diplom işimlə bağlıdır. Mövzum "TANAP layihəsinin beynəlxalq hüquqi aspektləri" - idi ki, bu mənim ən bəyəndiyim mözvulardandır. Diplom işimi müdafiə edib, bakalavr təhsilimi sonlandırdım.
-Eyni zamanda magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirmisiz. Magistratura pilləsinə necə hazırlaşırdız? Bu müddətdə ən çox hansı fənni sevirdiz yaxud çətinlik çəkirdiz?
-Magistraturaya hazırlıq biraz çətin olub desəm, yalan danışmaram. Çünki, həmin dönəmdə həm yuxarıda qeyd etdiyim praktikalara gedir, həm də diplom işi üzərində çalışırdım. Bunları magistraturaya hazırlıq ilə bir vaxtda çatdırmaq çətin olsa da, bacardım. Mənə magistr adını qazandıran, hazırda da çalışdığım Master School Tədris Mərkəzi oldu. Fürsətdən istifadə etmişkən, kollektivimizi salamlayır və minnətdarlığımı bildirirəm! Mən qəbul olan il magistraturaya qəbul iki pillədən ibarət idi. Biraz çətinlik çəkdiyim 2-ci mərhələ oldu. Səbəbi isə ondan ibarətdir ki, ixtisasımı həmişə Azərbaycan dilində oxuyub, seminarları ingilis dilində cavab vermişəm. Halbuki, orta məktəbi rus bölməsi olaraq bitirmişəm. Hazırlıq vaxtında da, ixtisasımı Azərbaycan dilində oxuyub, lakin imtahanı rus dilində vermişəm. Buna baxmayaraq, hər iki turu müvəffəqiyyətlə keçdim.
-Magistratura pilləsi üzrə təhsil almaq üçün yenə BDU-nu seçmisiziniz. Niyə məhz BDU? Bu pillə üzrə təhsiliniz müddətində nə kimi fəaliyyətləriniz olub?
-Seçimim yenə Bakı Dövlət Universiteti oldu. Seçəcəyim ixtisası qabaqcadan bilirdim. Mənə çox maraqlı gələn “Əqli mülkiyyət hüququnu” (yenə ingilis bölməsi) seçdim və bu ixtisası seçməyimə görə heç peşman olmadım. Əksinə, gələcək təhsilimi elə bu sahə üzrə davam etdirmək istəyirəm. Magistratura təhsilim müddətində artıq işə başladım. Bu pillədə təhsil aldığım müddətdə iki fərqli yerdə işlədiyim də olub. İxtisasım üzrə işləməkdən başqa, artıq 2 ildən çoxdur ki, ingilis dili müəllimi kimi çalışıram. Bugünə kimi isə, 400-dən çox tələbəm olub.
-Bu il doktorantura üzrə qəbul imtahanında ən yüksək bal toplayan iki nəfərdən birisiniz. Təəssüratlarınız maraqlıdır. Bu imtahanlara necə hazırlaşdınız? Bu nəticəni gözləyirdinizmi? Bu dəfəki seçiminiz hara olacaq?
-İngilis dilini yaxşı bilirəm. Nəticədə 6 il ingilis bölməsi oxumuşam. Müəllim olduğumu da artıq qeyd etmişəm. Düzü, imtahan proqramının nələrdən ibarət olduğu pis bilirdim. Essenin necə formatda olduğunu ümumiyyətlə bilmirdim. Özümə güvəndiyim üçün, hazırlaşmadım. Mənim üçün imtahan çox rahat oldu. Mənim tələbərə keçdiyim proqramla eyni səviyyədə idi deyə bilərəm. Bu dəfəki seçimim də, inşAllah, yenə Bakı Dövlət Universiteti olacaq. O Universitetə çox bağlıyam. Həm Universitet rəhbərliyinə, dekanlığımıza, müəllimlərimə. Üzərimdə danılmaz əməkləri olub. Hamısına təşəkkürümü bildirirəm. Özümə söz vermişəm ki, doktoranturaya qəbul olan il BDU-da dərs deməyə başlayacam. Amma qarşıda hələ 2 imtahan var. Onlara mütləq şəkildə yaxşı hazırlaşmaq lazımdır.
Həm bakalavriat, həm də magistratura pilləsini uğurla tamamlayan və təhsilini doktorantura üzrə davam etdirəcək biri olaraq gələcək üçün nə kimi planlarınız var? Maraqlıdır, bu uğurlarınızın sirri nədir?
-Planlar var və böyükdürlər. Ph.d ( Fəlsəfə doktoru) təhsilimi almaq istəyirəm. Gələcəkdə vəkil, daha sonra isə hakim olmaq istəyirəm. Həyatdakı arzum bir gün Avropa İnsan Hüquqları Məhkəməsində hakim olmaqdır. Uğurlarımın sirrini çalışqanlığım və ailəmdən mənə göstərilən mənəvi dəstəkdə görürəm. Onları uğurlarım ilə sevindirmək mənə çox xoş gəlir.
Son olaraq həm abituriyentlərə, həm də əvvəlki iki pillə üzrə təhsil alan tələbələrə tədris müddətində uğur qazanmaq üçün nə kimi tövsiyələriniz olar?
-Həmişə dayanmadan öz üzərlərində işləsinlər. İmtahandan-imtahana kitab açmaqla güclü mütəxəssis olmaq olmaz. Təlimlərə, seminarlara tez-tez qoşulsunlar. İctimai aktiv olsunlar. Allah heç kimin əziyyətini yerdə qoymaz. Hamısına uğurlar arzu edirəm.