Ölkəmizin istedadlı gənclərinin sayı getdikcə artır, gələcək üçün savadlı kadrlar yetişir.
Xüsusi ilə hər il Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin məzunları dünyanın böyük nüfuza sahib, reytinqlərdə öz yerini tutan universitetlərinə təqaüdlə qəbul şansı qazanırlar.
Belə məzunlarımızdan biri də Mirzəliyeva Səbinə Elmar qızıdır. Səbinə, Danimarka hökümətinin tam təqaüdünə layiq görülərək Roskild Universitetinin “International Public Administration and Politics” magistr proqramına qəbul olan ilk azərbaycanlı tələbə adını qazanıb.
AzEdu.az Mirzəliyeva Səbinə ilə müsahibəni təqdim edir.
Əvvəlcə onu öz dilindən tanıyaq
-Mən, Səbinə Mirzəliyeva Elmar qızı, 2017-ci ildə Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət elmləri təmayüllü məktəb-liseyin “İstedadlar” sinfini fərqlənmə attestatı ilə bitirmişəm. Elə həmin ildə 649 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinin “Politologiya” ixtisasına qəbul olunmuşam. Bu il təhsil aldığım universitetin bakalavr pilləsindən 97/100 - Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə məzun oldum. Magistr proqramı üzrə Danimarka Krallığının “Hökümət Təqaüdü”nə layiq görülmüşəm. Təhsilimin magistr pilləsini Danimarkanın Roskild Universitetində “International Public Administration and Politics” proqramı üzrə davam etdirəcəm.
-Təhsil aldığınız məktəb -liseyin “İstedadlar” sinfini fərqlənmə ilə bitirmisiz. Orta məktəb illərində nə kimi fəaliyyətiniz olub?
-Azərbaycan dili və Tarix üzrə fənn olimpiadalarında davamlı olaraq iştirak etmişəm. Tarix üzrə Rayon Turunun qalibi olmuşam.
-Həmçinin universiteti də yüksək ortalam ilə bitirdiz. Bakalavr təhsili müddətinizdən bir az danışardız. Nə kimi uğurlarınız olub?
-4 illik təhsilim boyunca şəxsi inkişafıma kifayət qədər vaxt ayırdım. Universitetin ilk ilində “4 M Academy (Harvard Business School's Harvard ManageMentor Program)” şəxsi inkişaf kursuna müraciət etdim. 3 ay ərzində 6 fərqli təlimçidən aldığım təlimlər hədəflərim barədə qətiyyətli olmağımda yardımçı oldu. “Bakı Gənclər Klubu İctimai Birliyi”nin, NAYORA və Azərbaycan Gənclər Fondunun bir neçə layihəsində aktiv iştirak etmişəm. Daha sonra Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) təcrübə keçdim. Bakalavr təhsilim dövründə rus, ingilis və fransız dillərini akademik səviyyədə öyrəndim. İxtisasımla əlaqəli beynəlxalq platformalardan Paris Siyasi Elmlər İnstitutunun "Geopolitics of Europe", "International Migrations: a global issue" kurslarını götürərək uğurla tamamladım. Əlavə olaraq onu da qeyd etmək istərdim ki, “European Identity versus National Identity within the EU Zone” adlı akademik məqaləmin bu yaxınlarda dərc olunması gözlənilir.
Bir neçə dünya universitetinə magistratura pilləsi üzrə qəbul olmusunuz. Magistratura pilləsinə hazırlıq prosesiniz və universitetlərə müraciətiniz haqqında bir az danışardız...
-Təhsilimi akademik səviyyədə davam etdirmək elə bakalavr təhsilimin ilk illərindən bəri qarşıma qoyduğum məqsəd idi. Müraciət sistemləri və tələbləri tamamilə bir-birindən fərqlənən bir neçə universitetə şəxsən özüm müraciət etmişdim. Hər universitetin magistr proqramına uyğun olaraq tələb olunan sənədləri topladım. Vurğulamaq istərdim ki, müraciət etdiyim universitetlərdən bəziləri magistr proqramının tədris dilindən başqa Avropa çərçivəsində işlənən beynəlxalq dillərdən digərinin də dil biliyini tələb edirdi. Məhz təhsilimi davam etdirəcəyim Roskild Universiteti də bunlardan biri idi. İngilis dili sertifikatıma əlavə olaraq fransız dili biliyimi göstərən sertifikatımı da müraciət sisteminə daxil etmişdim.
-Qəbul olduğunuz universitetlər arasında Danimarkanın Roskil Universitetini seçəcəyinizi bildirmisiniz. Niyə məhz bu təhsil ocağı?
-Ümumiyyətlə, Skandinaviya ölkələri təhsil sisteminə görə dünyada daima inkişaf edən öyrənmə mühiti və yüksək təhsil standartları ilə tanınır. Bu ölkələr içərisində Danimarka universitetlərini fərqləndirən əsas cəhət problemə əsaslanan və yenilikçi düşüncəyə fokuslanmış öyrənmə metodları təklif etməsidir. Danimarkanı Avropada təhsil almaq üçün ən yaxşı yerlərdən biri edən isə buradakı universitetlərin tələbələrə yüksək dərəcədə müstəqillik verməsi, tədris proqramlarını özlərinin planlaşdırma (self-scheduling) seçimi imkanını yaratmasıdır. Roskild Universitetini seçməyimə səbəb təklif etdiyi proqramın olduqca beynəlxalq yönümlülüyü və dünyanın dörd bir yanından tələbələri bir araya gətirməsidir. Keçən həftə universitetin təşkil etdiyi ilk vebinarda məhz bunun şahidi oldum. Digər tərəfdən, fənlərarası əlaqə Roskild Universitetindəki elmi yanaşmasında bir təməl daşı olduğuna görə, məhz bu səbəbdən ora diqqətimi cəlb etdi. Eyni zamanda bildirmək istərdim ki, Danimarka Hökümət Təqaüdünə layiq görülən ilk azərbaycanlı olaraq, bu fürsəti xüsusilə dəyərləndirmək istədim.
-Seçdiyiniz universitetdə təhsil alacağınız müddətdə nə kimi fəaliyyət planlarınız var?
-Bakalavriatura pilləsində şəxsi inkişafıma zaman ayırdığım kimi, magistratura dönəmimdə də belə olacağına çalışacağam. Təhsil alacağım proqram 50% nəzəriyyə-metodoloji, 50% isə praktiki fəaliyyəti bir araya gətirdiyindən, ixtisasımı təkcə nəzəri deyil, təcrübə baxımdan da inkişaf etdirməyi düşünürəm. Çünki, təcrübə və müxtəlif sosial fəaliyyətlərə cəlb olunmaq birbaşa şəxsi bacarıqlara təsir göstərir. Cari iş dünyasında “soft skills” də nəzəri biliklər qədər vacibdir. Bundan əlavə, danimarkalıların 86%-i ingilis dilini ikinci dil olaraq istifadə etdiklərinə baxmayaraq, yerli cəmiyyətə, düşüncə tərzinə və mədəniyyətə daha tez inteqrasiya edə bilmək üçün Danimarka dilini də öyrənməyi planlaşdırıram.
-Ümumilikdə, gələcək fəaliyyətinizi hansı istiqamətdə və hansı ölkədə davam etdirməyi düşünürsüz?
-Gələcək fəaliyyətimi akademik istiqamətdə davam etdirməyi düşünürəm. İkinci sualınıza gəldikdə isə düşünürəm ki, bu sualı dəqiqliklə cavablandırmaq müəyyən qədər erkən və çətindir. Hər halda qarşılaşacağım real imkan və situasiyalar gələcəklə bağlı qərarımı müəyyənləşdirəcək. Təbii ki, qazanacağım bilik və təcrübəmlə Azərbaycana qayıdıb ölkəmə töhfə verməyi də düşünürəm.
Sizin kimi nüfuzlu xarici universitetlərdə təhsil almağı hədəfləyən tələbələrə bu yolda nə kimi tövsiyələriniz var?
-Öncə hədəfi müəyyənləşdirmək lazımdır. Əsas olan hədəfə gedən yolda qətiyyətli olmaq və real addımlarla irəliləməkdir. Hər zaman nümunəvi insanlarla əlaqə qurmağa çalışsınlar ki, bu onların şəxsi inkişafına öz töhfəsini vermiş olsun. Dostlarının nailiyyətlərini sevinc hissi ilə bölüşməyi bacarsınlar. Əminəm ki, bunları etdikdən sonra hədəfə gedən yolda uğur qazanacaqlar.