Seymur İbrahimov Lerikin ucqar Lərmərud kəndində müəllim işləyib. Hazırda yerdəyişmə vasitəsilə iş yerini Salyana dəyişsə də, oralara olan sevgisi hələ də bu gənc müəllimdə qalıb. O, bir neçə gün bundan əvvəl, Azərbaycanda bir ilkə imza atdı – at belində Lerikin ucqar kəndlərinə gedib, oradakı uşaqlara paytaxtdan topladığı kitabları payladı. Təxminən, 90 kiloluq yüklə at üstündə dağlardan keçib, dərələrdən aşıb ucqar kənd uşaqlarını kitablarla qovuşdurdu.
Əziz oxucu, AzEdu.az Seymur İbrahimovla müsahibəsində həmin bu layihəyə, maarifçi missiyalı səyahətə toxunub. Bu “səyahət” əsnasında biz sizə mane olmayacağıq. Elə Seymur bəy, özü həmin yolçuluğu əziz oxucu, virtual şəkildə sizlərə çatdıracaq:
Kitabyüklü ideya
-Layihəni həyata keçirmək üçün haradasa, iki-üç ay fikirləşdim. Əvvəl də bir neçə dəfə bu fikrə düşmüşdüm, daha sonra isə əməli fəaliyyətə başladım; müxtəlif insanlardan, yerlərdən kitablar yığdıq. Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti - onun təsisçisi Nigar Bayramlı bizə bu işdə xeyli yardım etdi. Beləcə, yola çıxdıq. Özü də tam hazırlıqsız, heç fikirləşmədik ki, dağlarda hərəkət etmək üçün lazım olan atı bizə kim verəcək...
İlk olaraq, Lerikin Dikəband kəndinə üz tutdum. Orada dostumuz var - Əlövsət Əliyev, məktəb direktorudu - əvvəlcə, ona müraciət etdim. Dedi, problem yoxdur, bizdə at var və kömək edə bilərik. Sağ olsun, iki at verdi və öz oğlunu da bələdçi kimi mənimlə yolladı.
Uca dağlar aşaraq...
-Başıma bir çox hadisələrin, maraqlı əhvalatların gələcəyini bəlkə də, yola çıxmazdan əvvəl ehtimal edirdim. Amma işə başladıqdan sonra demək olar ki, bu barədə heç nə düşünmədim. Təhlükələr əlbəttə ki, var idi, o cür çətin dağ yollarında olmaması mümkün də deyildi. Lakin mən bu təhlükələr barəsində qətiyyən fikirləşmirdim.... Bu isə o demək deyil ki, hər hansı təhlükə ilə qarşılaşmadım. Hələ yaxşı qurtardım (gülür) Atın hündürlükdən yıxıldığı, çoban itlərinin arxamızca düşdüyü anlar da oldu.
Lerikin Rvarud kəndindən Veri kəndində gedən yol çox təhlükəlidir. Yayın cırhacırı olsa da, o yollar yenə də sürüşkən idi – aşağıya doğru maili getdiyi üçün at da sürüşürdü. Bir neçə dəfə bu səbəbdən, müvazimətimizi itirdik. Bu cür yolları, manələri adlaya-adlaya kəndlərə varırdıq. Sağ olsunlar, oraların insanları həqiqətən də qonaqpərvərdilər, bizi yaxşı qarşıladılar. Amma...
... Pis qarşılayıb, sərt danışanlar ...
...da oldu. Ümumən qonaqpərvərlikdən, övladlarına kitab apardığımız kəndlərin insanlarının münasibətindən razı qaldıq. Amma elə kəndlər də oldu ki, orada bir az pis qarşılandıq. Məsələn, Rvarud adlı kəndə çatanda gördük ki, orada heç kəs yoxdu. Təəccübləndik... Sonradan öyrəndik ki, sən demə, kəndlilərin hamısı toya gedib. Daha nə edək... Atlardan enib, onları istirahət üçün bağladıq. Özümüz də çox yorğun idik; üzümüzdən necə tər-qan içində olmamız bilinirdi. Çox susuz idik. Yanımızdan ötüb-gedən, gəlib-keçən də heç maraqlanmırdı ki, bəs su içirsiz, yoxsa yox. Yalnız bir müəllim bizə yaxınlaşdı. Sağ olsun, su-yemək verdi. Bir az dincimizi aldıq, atlarımız üçün də yol azuqəsi götürdük.
Hə, bir nəfər də var idi, o da müəllim idi, səhv etmirəmsə. Bizi bir az soyuq qarşıladı. Amma uşaqlara da, ona da kitab hədiyyə verib, şəkillər çəkdirdik. Amma... bir nəfər də var idi ki, ona kitab hədiyyə etdikdən sonra qayıtdı ki, bu, köhnə kitabdır, bizə lazım deyil.
“Vaxtı keçmiş” kitab etirazı
-Hətta elələri də olurdu ki, kitabları satmaq üçün gətirdiyimizi düşünürdü. Biz məlumatlandırdıq ki, xeyr, kitabları satış üçün deyil, hədiyyə vermək məsqədi ilə gətirmişik.
Əslində, bu cür münasibətləri görəndə pis olurdum. Təbii ki, biz missiyamızın xatirinə belə qarşılamalı deyildik. Amma ümumilikdə oralardakı qonaqpərvərlikdən çox razıyam. Azərbaycandan hər hansı şəxsdən soruşsalar ki, Lerik insanları necədir, hamı deyəcək ki, qonaqpərvərdilər. Amma hər yerdə olduğu kimi, orada da tək-tük istisnalar oldu. Bunlar da bizi çox təəssüfləndirdi və yumşaq da olsa, etirazımızı bildirdik. Hətta elələri də oldu ki, kitabları özümüzə qaytardılar, istəmədilər...
“Bunlar nədi, gətirmisiniz?!”
-Əsasən, test, abituriyentlər üçün lazımı vəsaitklər, dərslik və bədii kitablar aparmışdıq. Amma kitablar ağzıbağlı kisələrdə idi – özümüzlə 4 böyük kisədolusu kitab aparmışdıq – ona görə də, kənd camaatı bəzən, soruşurdu ki, bunlar nədir? Şübhəli baxışlarından “bəlkə, başqa məqsədli kitablardır?” sualı oxunurdu. Deyirdik ki, orada sadəcə, dərsliklər, bədii ədəbiyyatlar və metodiki vəsaitlərdir. Yəni qorxulu şey yoxdur (gülür). Bu cür insanlarla demək olar, hər kənddə qarşılaşdıq.
İşıqdolu bir kənd
-Azyaşlı uşaqlar, balacalar üçün nağıl, hekayə kitabları, jurnallar nəzərdə tutmuşduq. Onlarında maraqları çox idi. Elə uşaq var idi ki, bizdən bəlkə, 5-6 kitab alıb apardı.
Çayrud adlı kənd var, ora çatanda əvvəlcə balaca uşaqlarla qarşılaşdıq. Bizi görcək ilk sualları bu oldu: - Nə satırsız? Dedik ki, satmırıq, bunları sizin üçün hədiyyə gətirmişdik. Nə olduğunu soruşdular. Cavab verdim ki, kitabdır. Bu sözü eşitcək, həmən götürülüb, başqa uşaqları çağırmağa, səsləməyə getdilər. Kitaba, elmə həvəsi o kəndə gördüm. Mənə əvvəldən də demişdilər ki, Çayrudda elmə, biliyə həvəsli insanlarla üstünlük təşkil edir. Amma bu dərəcədə olmasını gözləməzdim. Hətta bir uşaq məndən on kitab aldı, bu, özümə də xoş oldu.
“Duman, gəl-get bu dağlardan”
-Ümumilikdə haradasa 30 km gedib, kitablar payladıq. Dikəbanddan çıxıb, Zardoni kəndinə keçdik, daha sonra Çayruda, oradan Rvaruda, Rvaruddan Veriyə, Babaküçəyə, Küçəkərana getdik. Daha sonra yenidən Dikəbanda qayıtdıq.
Amma bütün bu kəndlər arasında ən çox doğmalıq və diqqəti məqam kimi Küçəkəran kəndində hiss elədim. Düzdür, Lerik başdan-başa qonaqpərvər insanlar yurdudur, amma Küçəkəran qonaqpərvərliyin pik nöqtəsi oldu. Bir yaxşə məqam da bu idi ki, onların məhz kitabçılıq missiyamıza görə, bizə bu cür qonaqpərvərlik etdiyinin fərqindəydik.
“Biz buna görə gəlimişik”
-Soruşurdular ki, haradan gəlmisiz, bəlkə, çörək yeməmisiz, əyləşin-dincəlin. və s. Bəzən, “məqsədiniz nədir?” deyə soruşurdular da. Deyirdik ki, kitab paylayırıq, uşaqları maarifləndirmək istəyirik. İstəyirik ki, kənd uşaqlarının əldə edə bilmədiyi kitabları biz onlara gətirək. Bu sözlərdən sonra onların bizə doğmalıq və qayğılarının daha da artdığını görürdük.
Azı getdi, çoxu qaldı
-Lerikirin 164 kəndi var, biz cəmi yeddisində olmuşuq. Odur ki, belə tələsik ümumi qərar çıxarmaq olmaz. Mən sadəcə, nələri gördümsə, nələri yaşadımsa onları dedim. Amma getdiyim yerlərdə təhsil işçilərindən bəzilərinin bizə, missiyamıza necə həvəssiz yanaşdığını görmək xoş olmadı. Doğrudur, Çayrud, Veri, Küçəkəran kəndlərinə bunu demək olmaz. Hətta Küçəkəran məktəbinin direktoru bizim qayğımıza çox qaldı, özü bizi maşını ilə Lerik-Lənkəran massivinə gətirdi.
“Orada bir kənd də vardı... – məktəbsiz kənd”
-Amma gərək başqa məqamları da deyim: məsələn, Zardoni kəndində olanda soruşdum ki, bəs məktəb haradadır, gedib orada da fotolar çəkək. Dedilər ki, məktəb yoxdur. Orada məktəb yoxdur, ibtidai sinif məktəbi 4 ildir ki, bağlanıb. Soruşdum, bəs uşaqlar necə, harada təhsil alırlar? Cavab verdilər ki, təxminən 7-8km yol qət edərək piyada gedib, Dikəband kəndindəki məktəbdə oxuyurlar. Bu cür acınacaqlı halların da şahidi olduq.
“Axı siz kimsiz?”
-Veri kəndinə gedib kitabları payladıq. Amma bir də gördük, onlar digər kəndin uşaqlarını da çağırdılar ki, bəs burada kitab paylanır. Dedilər, onların da kitaba böyük həvəsi var. Bizə bir az da kitab verin ki, onları başqa kəndlərə də çatdıraq.
Hərdən maraqlı oyunlar, müsabiqələr də keçirirdik. Məsələn, uşaq çox idi deyə, sual-cavabdan sonra kitabları paylamaq istədik. Yəni, suala doğru cavab tapana kitab veriləcəkdi. Biz sualları verdik, hamısına da cavab tapdılar (gülür). Amma sual verən tək mən olmurdum ki...
Onlar da məni sual atəşinə tuturdular. Ən çox isə bunu soruşurdular: nə işləyirsiz, müəllimsiz?
“Biz qayıdacağıq”
-Bu layihə nə qədər çətin olsa da, sosial şəbəkədə insanlar tərəfindən yaxşı qarşılandı. Amma yenə də hər yerdə və hər zaman olduğu kimi, burada da müəyyən istisnalar oldu. Məsələn soruşurdular ki, bu layihəni həyata keçirməklə nə əldə edəcəksən, qazancınız nədir? Yəni mənfi qarşılayanlar da olurdu.
Amma biz bu işi davam edəcəyik. Yeni ideya da var... Bir qardaş dedi ki, gələn dəfə idman ləvazimatlarını da paylayaq: məsələn, top, şahmat..
Bu missiya davam edəcək. Biz həm macəra, ekstrem sevən adamam. Yəni, təhlükəli yollardan keçmək və s. atla başımıza ekstrem hadisələr gəldi. Qayadan aşağıya yıxılmağımız özü bir ekstremdir.
Atüstü missiya
-Oralarda maşınla çətindir, maşın yolları olsa da çox uzundur. Amma atla getmək daha əlverişlidir. Dərslər başlayana qədər bu işimizi yenə də davam etdirəcəyik. Hələ ki, tanıdığımız yer ancaq Lerikdir. Amma başqa bölgələrdə də bələdçilərimiz olarsa, biz canla-başla hazırıq ki, oralarda da kitab paylayaq. Artıq kitablar toplamağa da başlamışam. Elə sizin vasitənizlə oxuculara üzümü tutub deyirəm ki, oxumadığı kitabları versinlər lazım olan insanlara çatdıraq onlarda yararlansın.