Nazirlər Kabinetinin qərarı ilə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bir mərhələdə keçirilməsi, imtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırığın verilməsi təsdiq edilib.
Yeni təsdiqlənən qərarlar şagirdlərin imtahan göstəricilərinə necə təsir edəcək?
“9-cu siniflərin buraxılış imtahanları ilə bağlı ciddi dəyişiklik keçən il də olub. Pandemiya vəziyyəti bitmədiyi üçün bu il də imtahan birmərhələli təşkil olunacaq. Şagirdlər 3 fəndən imtahan verəcəklər:Azərbaycan dili, riyaziyyat və ingilis dili. Ümumilikdə 85 sual cavablandırılmalıdır”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov deyib. O, situasiya tipli sualların hansı səbəbdən imtahana salınmayacağını da açıqladı:
“Əvvəlki illərdən fərqli olaraq situasiya tipli açıq suallar olmayacaq. Bunun əsas səbəbi odur ki, situasiya tipli suallara hazırlıq daha çox praktiki dərslər, məşğələlər tələb edir. Buraxılış sinifləri isə məktəblərə gələ bilmirlər. Dərslərə onlayn formada qoşulurlar. Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar şagirdlərin nəticələrinin daha obyektiv olması üçündür. Həmçinin, çətinləşdirilmiş suallardan müəyyən qədər imtahana salınmayacaq. Pandemiya şəraitində 2 dəfə imtahan keçirmək də sağlamlıq baxımından çətinlik törədəcəkdi. Bu səbəbdən 9-cu sinifdən kolleclərə qəbul bir mərhələdə təşkil ediləcək”.
“Bu illik qərarlar şagirdlərin leyihə olaraq dəyişdirildi”
“Həm 1 ildən artıq davam edən pandemiya şəraiti, həm də 44 günlük müharibə dönəmində internet səbəbindən, bölgələrdə isə xüsusilə təhlüksəsizlik məqsədilə dərslər dayandırıldı. Bütün bunları nəzərə alaraq DİM və Təhsil Nazirliyi təkliflərini Nazirlər Kabinetinə təqdim etdi və bu illik qərarlar şagirdlərin leyihə olaraq dəyişdirildi”.
Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcəkdir.