“Onlayn hazırlıq prosesi ilə ənənəvi proses arasında keyfiyyat baxımından heç bir fərq yoxdur. Əksinə, onlayn tədrisdə keyfiyyət daha yaxşı idi”.
AzEdu.az xəbər verir ki, bunu İnformatika fənni üzrə müəllim Yadigar Əliyev qeyd edib:
“Artıq 3 ildir ki, mənim tələbələrim Respublika üzrə birinci yeri əldə edirlər. Bu il mənim üçün xüsusi ilə əlamətdar oldu, çünki həm birinci, həm ikinci, həm də üçüncü yerə layiq görülən tələbələrin müəllimi oldum. Tələbələrimlə sadəcə qürur duydum”.
Əvvəlcə müəllimi tanıyaq... Yadigar Əliyev bakalavr təhsilini Kompüter mühəndisliyi ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda Kompüter elmləri ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirib. 2017 – ci ildən həmin institutda böyük laborant kimi fəaliyyətə başlayıb, artıq bir ildir ki, kiçik elmi işçi kimi fəaliyyət göstərir. Həmçinin, AMEA – nın İdarəetmə Sistemləri İnstitutunda dissertantdır. Bakı Dövlət Universitetində də bir ildir ki, müəllim kimi çalışır, kurslarda isə artıq 4- 5 ildir ki, fəaliyyətini davam etdirir.
-Yadigar müəllim, pandemiya müddətində imtahana hazırlıq prosesi ilə bağlı ənənəvi proseslə müqayisədə nə kimi dəyişikliklər, yeniliklər oldu?
-Əslində, bu ilki imtahana hazırlıq prosesində müəyyən müddət ənənəvi tədris rejimində olduq. Sonradan sərt karantin rejiminin tətbiqi səbəbi ilə onlayn tədrisə keçdik. Belə desək, keyfiyyət baxımından hər hansı bir problem yaşanmadı, əksinə, müəyyən müsbət tərəfləri də oldu. Məsələn, dərsi izah edib video formatda qeyd edirdik və beləcə tələbələr istədikləri zaman dərslərə, sualların izahına təkrar – təkrar baxa bilirdilər. Düşünürəm ki, bu, onlayn tədrisin ən müsbət tərəfi idi. Ancaq mənfi tərəflərindən biri də tələbələrin internet problemi yaşaması idi. Bu səbəblə biz onlayn dərslərdə tələbələrdən kameraları açmasını tələb etmirdik. Nəticədə isə dərslərin izahı zamanı tələbələrin mimikalarını, suala hansı tərzdə reaksiya verdiklərini görə bilmirdik. Belə desək, bir növ robotlaşmış, tələbə üzərində idarəni itirmişdik”.
Onlayn tədrisdə keyfiyyət daha yaxşı idi
-Onlayn tədrislə müqayisədə ənənəvi tədrisdə ünsiyyət zamanı deyib – gülmək, zarafatlar, maraqlı epizodlar olurdu. Onlayn tədrisdə isə proses mexaniki şəkildə davam edir, heç kim bir – birini görmür və sadəcə səsləri eşidirik. Keyfiyyat baxımından isə heç bir fərq yoxdur. Əksinə, onlayn tədrisdə keyfiyyət daha yaxşı idi. Tələbələr suallara təkrar baxa bilir, dərslərin izahını istədikləri zaman izləyə bilirdilər.
-İnformatika fənni üzrə hazırlaşan zaman tələbələr daha çox nədə çətinlik çəkir, yaxud əksinə hansı hissələri daha yaxşı mənimsəyirlər? --Ümumilikdə əzbər və tətbiq məsələsi hazırlıq prosesində necə tənzimlənir?
-İnformatika fənni sırf mənim ixtisasım olduğu üçün deyə bilərəm ki, tamamilə texniki bir istiqamətdir. Burada əzbərçilik daha az olmalıdır. Təəssüf ki, mövcud sistem, keçirilən imtahanlar demək olar ki, əzbərçilik tələb edir. Düşünürəm ki, tələbələri iki yerə bölə bilərik: əzbərçilikdə problem yaşayanlar, texniki hissələri çox rahat yazır. Yaxud da əksinə, rahat şəkildə əzbərləyə bilir, ancaq texniki hissələrdə, misallarda çətinlik çəkir.
“Əksər tələbələr mövzunu tətbiqi şəkildə öyrənmək istəmirlər2
-Məsələn, informatikada 4- 5 mövzu var ki, bunlar sırf praktika ilə əlaqədardır : Windows əməliyyat sistemi, Ofis proqramları və s. Tələbələrin əksəriyyəti isə yönəlir ancaq kitabdan oxumağa. Onlara bildirirəm ki, kitabdan oxuduqlarını açıb kompüterdə tətbiq etsinlər, bu şəkildə daha yaxşı yadda qalır. Bu halda imtahanı verdikdən sonra da o biliklər yaddan çıxmır. Bəziləri tələbələr buna əməl etmir, ancaq danışıb fikirlərini dəyişdirdiyim tələbələr də var. Düşünürəm ki, ən böyük problem həmin o praktika bölümündədir ki, əksər tələbələr oxuduqlarını kompüterə yönəlib tətbiq etmək istəmirlər. Əzbərləyim, imtahanı verib keçib düşüncəsində olurlar. Bunu etməsələr, onlar üçün daha yaxşı olar.
-Builki imtahanda informatika fənni üzrə təqdim edilən sualların çətinlik səviyyəsini necə dəyərləndirirsiz?
-Digər fənləri deyə bilmərəm, ancaq düşünürəm ki, informatika fənni üzrə olan suallar tam tədris proqramına uyğun idi.Vaxt aparan olduğunu düşünmürəm, kifayət qədər normal suallar idi.
-Magistraturaya hazırlaşan tələbələr bu fənni daha yaxşı mənimsəmək üçün nə kimi tövsiyələriniz var?
-Elə məqamlar var ki, birbaşa əzbərçilikdir. Məsələn, dərsdə Proqram təminatı bölməsi var. Bu bölmədə tələbə hardasa 70-80 ədəd bir – birindən fərqli proqram adı öyrənməli və onun hansı təsnifata aid olduğunu bilməlidir.Bu zaman mən təklif edirəm ki, bunları yazın, qeyd edin. Tələbələrim bir dəftərə bunları qeyd edir, on dəfə üzündən köçürürlər. Bu mövzuları səsli oxuyaraq, göz yaddaşı ilə əzbərləyərək, yazıb qeyd edərək yadda saxlaya bilərlər. Öyrənmək üçün bir metod budur. Sırf əzbər olan bölmələri yazaraq, dəfələrlə üzündən köçürərək. Artıq əl öyrəşir və avtomatik beyin də yadda saxlayır.
Elə mövzular var ki, mütləq tətbiqi şəkildə öyrənilməlidir
-Digər tərəfdən, praktik şəkildə öyrənə biləcəyimiz mövzuları isə mütləq tətbiq edərək öyrənsinlər. Eyni zamanda bu mövzular gələcəkdə də lazım olacaq. Məsələn, Windovs əməliyyat sistemi və Ofis proqramları mövzuları mütləq praktik şəkildə öyrənilməlidir. Kitabdan oxuduğumuz hissələri gözümüzlə görsək daha yaxşı olar. Tədrisi apardığımız müddətdə kompüteri açırıq və bunların hamısını proyektr vasitəsi ilə göstəririk. Amma tələbə burada sadəcə dinləyici olur və dərs bitdikdən sonra sadəcə kitabdakı məlumatları oxuyur. Əslində tələbələrə təklif edirəm ki, oxuyub dinlədikdən sonra özləri birbaşa tətbiq edərək öyrənsinlər. Bu zaman oxuduğu hissələr daha yaxşı yadında qalacaq. Məsələn, DİM-in kitabında Word mövzusu var, təxmini 100 - 150 səhifədən ibarətdir. Təbii olaraq bunu mənimsəmək üçün mütləq praktika tələb olunur. Çox əzbərçilik tələb edən hissələr üzündən köçürülməli, digər mövzular tətbiq edilərək öyrənilməlidir.
Tələbənin mövzunu necə və hansı yolla mənimsəməsində müəllimin rolu vacibdir
-Tələbələrin əksəriyyəti İnformatikanın yalnız əzbərdən ibarət olduğunu düşünür. Müəyyən mövzuların, qurğuların əksərinin mahiyyətini başa düşərək yadda saxlamaq rahat olur. Burada artıq tədrisi aparının da rolu vacibdir. O, tələbələrə hansı mövzunun necə öyrənilməli olduğu ilə bağlı istiqamət verməldir. Bir var tələbə mövzunu olduğu kimi əzbərləyə, bir də var müəllimin izahı nəticəsində tələbə artıq mövzunu rahat şəkildə mənimsəyə. Burada müəllimin rolu mühümdür. Bir də misallar bölümü var. Burada artıq müxtəlif testlər üzərində işləyərək öyrənmək olar. Əslində, bu misallar elə bir qeyri – adi riyazi bilik tələb etmir, amma problem yaşayan tələbələr üçün müxtəlif sual tipləri həll edərək bunun öhdəsindən gələ bilərlər.
Son olaraq müəllim bildirib ki, əsas olan tələbələrin özlərinə olan inamıdır:
“Elə tələbələr var ki, misalı ümumiyyətlə oxumur, deyir mənlik deyil.Halbuki oxusa yaza biləcək vəziyyətdədir. Bu səbəblə psixoloji olaraq özlərini yanıltmasınlar”.
Qeyd edək ki, 28 fevral tarixində keçirilən magistratura səviyyəsi üzrə qəbul imatahanlarının nəticələri elan edildi.Nəticələrə əsasən ən yüksək nəticə 96 baldır.