“Magistraturaya hazırlaşan zaman başlıca hədəfim Respublika birincisi olmaq idi və buna nail oldum”.
Bunu AzEdu.az -a açıqlamasında magistraturaya qəbul imtahanı üzrə yüksək nəticə göstərərək Respublika birincisi olan Pərviz Vəliyev bildirib.
Onu öz dilindən tanıyaq...
“Mən Vəliyev Pərviz, Sumqayıt şəhərində yaşayıram. Bakı Mühəndislik Universitetinin son kurs tələbəsiyəm. Universitetə qəbul imtahanında 617 bal toplamışdım. Bu il magistratura üzrə də qəbul imtahanı verdim. Bu zaman başlıca hədəfim Respublika birincisi olmaq idi və buna da nail oldum”.
Respublika birincisi imtahana hazırlıq prosesindən danışdı:
““Master Nömrə - 1” kursunun Sumqayıt filialında hazırlaşdım. Magistraturaya hazırlaşan hər kəsə bu kursu məsləhət görürəm. Qəbulda 90 balı keçərək yüksək nəticə göstərən 18 nəfərin 15 – i bizim kursun tələbəsidir. Oktyabrdan etibarən 5 ay müddətində müntəzəm hazırlaşdım”.
İnformatika digərlərinə nisbətən çətin gələ bilər
“Rahat şəkildə hazırlaşdım, imtahanda çox çətinliyim olmadı. Bircə əzbərləmək daha çox olduğu üçün informatika digərlərinə nisbətən bir az çətin gələ bilər. Ancaq həvəslə hazırlaşanda o da rahat olur. Məntiqi öyrənməyi və onunla bağlı suallar üzərində işləməyi daha çox sevirdim”.
Pərviz, təhsilini davam etdirmək üçün Bakı Ali Neft Məktəbini seçəcəyini deyib:
“Təhsilimi magistratura pilləsi üzrə davam etdirmək üçün hələ dəqiq seçim etməmişəm. Ancaq ehtimal ki, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsilini almağı seçərəm”.
Son olaraq o, imtahana hazırlaşan digər tələbələrə öz tövsiyələrini verib:
“Tələbələr hazırlaşmadan öncə qarşılarına məqsəd qoysunlar, məqsədsiz hazırlaşmasınlar. Sonra isə bu məqsədə çatmaq üçün səy göstərsinlər. Bunun üçün istəyin, əzmin, özünə inamın olmasıdır. Düşünürəm ki, bunlardan hər hansı biri olmasa uğur qazanmaq mümkün olmur.”
Qeyd edək ki, 28 Fevral tarixində keçirilən magistraturaya qəbul imtahanlarının nəticələri dünən elan edildi.