“Türkiyədə məktəb direktorlarını Milli Eğitim Bakanlığı (Təhsil Nazirliyi) təyin edir. 4 il sonra isə bir məktəbdə fəaliyyət göstərən direktorun işi bitir və onun təyinatı başqa məktəbə verilir.”
AzEdu.az xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru Məshəti Şərif Özyürek bildirib.
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur, eyni zamanda jurnalist kimi də fəaliyyət göstərib. 2020-ci ildən isə Azərbaycan Eğitim və Kültür Derneği nəzdində fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru olaraq fəaliyyətinə davam edir.
“Bizdə təhsil alan şagirdlər bir müddət sonra Azərbaycana qayıdır”
Bizim məktəbimiz Dərnək nəzdində fəaliyyət göstərdiyi və Azərbaycan təhsil sistemi ilə işlədiyi üçün bizdə bəzi meyarlar fərqlidir. Əsas olan, məktəbin düzgün idarə olunması, sənədlərin hazırlanmasıdır. Biz də Təhsil Nazirliyimizin açıqladığı qərarları həyata keçiririk. Çünki burada təhsil alan şagirdlər bir neçə il sonra Azərbaycana qayıdır.
Müəllimlər və direktorlar dövlət məmuru sayılır
“Türkiyə və Azərbaycanda direktorlarının fəaliyyəti əsasən eynidir. Sadəcə burada direktorlar və müəllimlər məmur sayılır və yüksək əmək haqqı alır. Bu müqavilə ilə işləyən müəllimlərə aid deyil. Həmçinin müəllimlər və direktorlar iş yerlərini seçə bilmir. Onlar polis və əsgər kimi öz təyinatlarını gözləyirlər. İstənilən bölgəyə təyinləri çıxır və buna əsasən ora gedirlər”.
Pandemiya dövründə şagirdlər üçün əlavə dərs kitabları paylanıldı
“Burada dərslər Milli Eğitim Bakanlığı'nın EBA tətbiqi vasitəsi ilə keçirilir. Nazirlik şagirdlər üçün əlavə dərs kitabları çıxardı və o kitabları məktəblərə payladı. Direktorlar müəllimlərlə işləyir və yeni qaydalar üçün təlimatı müəllimlər ondan alır. Amma şagirdlərlə işləmək birbaşa müəllimlərin işidir. Dərslər hər gün mütəmadi olaraq EBA vasitəsi ilə keçirilir”.
Rəhbər müəllimlər uşaqlara pandemiya dövründə psixoloji dəstək verir. Onlarla Zoom proqramı vasitəsi ilə ayda bir dəfə fərqli mövzuda söhbət edir. Eyni zamanda rəhbər müəllimlər hər ay valideynlər üçün də zoom konfranslar təşkil edirlər. Hər dəfə bu görüşlərə fərqli mütəxəssilər qatılır. Uşaqlarla davranış, uşaq istismarı, pandemiya dövründə şagirdlərin dərsə maraq göstərməsinin yolları və s. mövzuda valideynlərlə də görüşür.
Qeyd edək ki, Azərbaycanda fevral ayının 19 – da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək.