AzEdu.az uşaqların yay tətilini daha səmərəli keçirmələri üçün psixoloq İbrahim İbrahimovun məsləhətlərini təqdim edir:
Yay tətili zamanı uşaqlar daha çox nə ilə məşqul olmalıdır?
“Yay tətilində uşaqların texnologiyadan uzaq durması onların təbii istirahətinə gətirib çıxardır.Yəni adi insanlar belə istirahətə gedərkən təbiət qoynunda, evdən kənarda olmağı və çəmənlikdə gəzməyi sevirlər. Bu, insanların sağlamlağına çox yaxşı təsir edir. Təbiət qoynunda dincəlməyi uşaqlara da məsləhət görürük.
Onlar təbiət qoynunda müxtəlif oyunlar oynayar, velosiped sürər və gəzintiyə çıxarsa, bu, onlar üçün çox maraqlı olar. Eyni zamanda bütün bunlar valideyinlər üçün də əyləncəlidir. Onlar həm əylənər, həm də gümrah qalarlar. Mən hər kəsə texnologiya oyunlarındansa , təbiət qoynunda oynayaraq vaxtlarını daha səmərəli keçirməyi tövsiyyə edərdim. Əlavə olaraq, onu qeyd edə bilərəm ki, valideynlər övladları ilə psixoloji oyunlar da oynaya bilər. Bu oyunlar sayəsində onlar həm əylənə , həm də idman edə bilərlər”.
Texnologiya qadağası…
“Günümüzdə telefonlar və kompüterlər istər böyüklərin, istərsə də uşaqların həyatında mühüm rol oynayır. Əgər istirahətə çıxırsınızsa, özünüzə telefon və kompüterdən istifadə qadağasını qoysanız çox yaxşı olar. Bununla siz bir növ özünüzə qayıda və özünüzə daha çox zaman ayıra bilərsiniz. Bunu edərək siz az müddət texnologiyasız bir həyat yaşayın”.
Telefon və kompüter bizi nələrdən məhrum edir?
“Hər bir insanın içində bir uşaq vardır. Biz özümüzü necə tərbiyə ediriksə, uşaqlarımızı da o cür tərbiyə etməliyik. Biz necə davranırıqsa, onları da özümüzə bənzətməliyik. Məsələn, telefon və kompüterdən uzaq dururuqsa, onlara da bunu bildirməli və onlara da texnologiyadan istifadə qadağasını tətbiq etməliyik. Bu zaman uşağınızla çox vaxt keçirə, onların suallarını cavablandıra və müxtəlif oyunlar oynaya bilərsiniz. Belə halda həm övladınız , həm də özünüz istirahət edirsiniz. Sosial şəbəkələrdə də müxtəlif xəbərlər verilir ki, uşaqlar valideynləri ilə vaxt keçirmək istəyir, lakin çox təssüflər olsun ki, onların buna vaxtı yoxdur. Çünki texnologiya onların həyatını bütünlüklə ələ alıb. Valideynlər uşaqlarının istəklərini təxirə salır və bu da uşaqların psixologiyasına mənfi təsir göstərir. Belə hallarda isə uşaqlar özünə qapanır. Bu da gələcəkdə onların həyat fəaliyyətində uğursuz olmalarına gətirib çıxarır. Bir sözlə, biz öz hərəkətlərimizlə övladlarımıza nümunə olmalıyıq”.
Leyla Qulami