Hazırda koronavirus pandemiyası səbəbi ilə əksər dünya ölkələrində tədris prosesi distant şəkildə davam etdirilir.
Bu hal Azərbaycan ali təhsil müəssisələrindən verilən diplomların ölkəmizdə tanınmasına hər hansı bir təsir göstərməyəcək. Çünki hazırda ölkəmizdə mövcud olan təhsil forması distant deyil, sadəcə tədrisin təşkili müvəqqəti distant olaraq həyata keçirilir.
“Təhsil haqqında” Qanunda qeyd edilib ki, zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada distant təhsilalma forması tətbiq edilə bilər.
Bəs bu hal xarici ölkələrdə təhsil alan tələbələr üçün də keçərlidir? Pandemiya səbəbi ilə təhsilini distant olaraq davam edirən xarici ali təhsil müəssisələrinin diplomları ölkəmizdə tanınacaqmı?
Təhsil Nazirliyi AzEdu.az-ın bu mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bu məqam müəyyən əsaslarla nəzərə alınacaq:
“Ölkəmizdə, eləcə də dünyanın bir çox ölkələrində COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılmış və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılmışdır.
Mövcud vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat Mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaqdır.”
Yəni, xarici ali təhsil müəssisəsindən verilən diplomun ölkəmizdə tanınması üçün bu barədə Milli Məlumat Mərkəzləri, səlahiyyətli orqanlar yaxud ali təhsil müəssisəsinin özündən rəsmi məlumat verilməlidir.
Qeyd edək ki, tələbə ümumiyyətlə xarici ali təhsil müəssisəsinə rəsmi təhsilalma forması olaraq distant qəbul olunubsa bu zaman hazırkı qanunlara əsasən, veriləcək diplom və ixtisas ölkəmizdə tanınmır.