AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Yola saldığımız həftədə 9-15 noyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Şuşa rayonunun qəbul imtahan göstəriciləri açıqlanıb
Şuşa üzrə 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 145 şagird bitirib və onların 143 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 143 nəfər attestat alıb. Attestat alanların 86.01%-i (123 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 56 məzunu (imtahanlarda iştirak edənlərin 45.16%-i) tələbə adını qazanıb. Onların 19.64%-i (11 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 75.00%-i (42 nəfəri) dövlət, 5.36%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Rayonun məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 60.00%-dir. Qəbul imtahanlarında 14 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şuşa 1 saylı şəhər tam orta məktəbi daxil olub.
Laçın məktəblərinin ilbəil yaxşılaşan təhsil göstəriciləri açıqlanıb
Laçın rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 890 şagird bitirib və onların 885 nəfəri buraxılış imtahanında iştirak edib. Attestat alanların 79.39%-i (705 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.
Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 416 məzunu (imtahanlarda iştirak edənlərin 59.01%-i) tələbə adını qazanıb. Onların 21.88%-i (91 nəfəri) dövlət, 0.48%-i (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 69.23%-i (288 nəfəri) dövlət, 8.41%-i (35 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.
Ana dili və ədəbiyyat fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.
Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Qəbul imtahanlarında 76 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 40 saylı, Alxaslı kənd, Qazıdərə kənd və Vəliuşaqlı kənd orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 20, 33 və 45 saylı tam orta məktəbləri daxil olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 saylı tam orta məktəbini qeyd etmək olar.
Təhsil naziri İctimai Şura üzvləri ilə onlayn görüşüb
Noyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb.
Görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfalar diləyib. Təhsil naziri bu müharibədə qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Bu amil son hədəfə qədər uğurla irəliləməyimizi şərtləndirirdi, Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, Şuşada dalğalandı. Nazir Azərbaycana bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonra Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışıb, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğunu, 16 məktəblinin yaralandığını və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığını diqqətə çatdırıb.
2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna start verilib
Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il yaz semestri üçün sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.
Şagirdlərin yerdəyişməsinə başlanılır
16 noyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv edilib. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
“Rəqəmsal bacarıqlar” layihəsinin İdarəetmə Komitəsinin 14-cü görüşü keçirilib
Noyabrın 11-də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi məqsədilə layihənin İdarəetmə Komitəsinin 14-cü görüşü keçirilib.
Təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə keçirilən görüşdə beynəlxalq “Alqoritmika” şirkətinin nümayəndələri və layihə rəhbəri tərəfindən layihənin 2020-2021-ci tədris ilində əhatə dairəsinin genişləndirilməsi və inkişafı istiqamətində görülən işləri əks etdirən təqdimat nümayiş olunub. Görüş zamanı hazırda məktəblərdə layihənin səmərəli tətbiqi üçün həyata keçirilən fəaliyyətlərin nəticələrinin və hədəflərin müzakirəsi də aparılıb.
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində (“Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb
Vətəndaşlardan "Qaynar xətt"lə əlaqə yaradarkən işçi sayının az olduğunu nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına da müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərsiniz.
“Ali Baş Komandana Milli Qəhrəman adı verilsin” – Ədalət Muradov
“Yeni tarix yazmış və Qarabağımızı özümüzə qaytararaq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı elan edilsin”
Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetin( UNEC) rektoru, professor Ədalət Muradov öz facebook paylaşımında qeyd edib.
Rektor sosial şəbəkədəki paylaşımında ürək sözlərini bu cür ifadə edib:
“Bir azərbaycanlı kimi çoxdandır ürəyimdə arzum var. Bu arzum haqqında dostlarım bilir. İstərdim ki, bu gün həmin arzum haqqında hamı bilsin. Qarabağın ən yüksək və ən gözəl yerində Ali Baş Komandan İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevə möhtəşəm abidə ucaldılsın!”
Cəbhədən videosu yayılan əsgərlə bağlı universitetdən reaksiya gəldi
Sosial şəbəkələrdə cəbhə bölgəsindən videosu yayılan Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi olmuş Daşdəmirov Xəzər Asif oğlu bağlı universitet açıqlama yayıb.
Sözügedən videoda adı çəkilən universitetin prorektou Günhan Hüseynli “Qafqazinfo”ya açıqlamasında, “Mənə salam göndərən əsgərimizə eşq olsun”, - deyərək universitet rəhbərliyinin Xəzər Daşdəmirovla bağlı müsbət qərar verdiyini və tezliklə məsələnin həll olunacağını bildirib.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımızı və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır!”, - deyə G. Hüseynli qeyd edib.