“Cocuq Mərcanlı bir modeldir və bu modeli işğaldan azad edilmiş bütün torpaqlarımızda tətbiq edəcəyik”
Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Fatma Yıldırım deyib.
O, azad edilən ərazilərimizdə həyata keçiriləcək təhsil siyasəti ilə bağlı bir neçə təklif irəli sürüb:
“İşğaldan öncə Qarabağda orta məktəblərlə yanaşı, Xankəndində universitetimiz vardı. Hətta Şuşada daha bir universitetin açılması da planlaşdırılırdı. Düşmən hücumu bütün bunları yarım qoydu.
İşğaldan sonra mənfur düşmənlərimiz orda yaşamayıb əksinə, evlərlə yanaşı, məktəbləri, uşaq bağçalarını da darmadağın etdilər. Həmin yerlərdə yaşayış deyilən bir şey hiss olunmur. Çünki bilirdilər ki, oralar bizim əzəli torpaqlarımızdır və bir gün mütləq geri qayıdacağıq. Nəticədə, bütün binaları, məktəbləri darmadağın etdilər.
Hər birimiz əminik ki, torpaqlarımız geri qaytarıldıqdan sonra oradakı bütün infrastruktur yenidən qurulacaq. Cocuq Mərcanlını xatırlayaq. Qısa zamanda orada yaşayış üçün lazımı bütün şərait yaradıldı. Cocuq Mərcanlı bir modeldir və bu modeli işğaldan azad edilmiş bütün torpaqlarımızda tətbiq edəcəyik.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü olaraq deyə bilərəm ki, elmin, təhsilin inkişafı ilə daim yeni qanunlar verilir, mövcud qanunlara dəyişiklik edilir.
Torpaqlarımız azad ediləndən sonra burada təhsilin inkişafı istiqamətində ətraflı müzakirə aparacağıq. İctimaiyyətə də bu haqda məlumata veriləcək.
Torpaqlarımız azad edildikdən sonra burada ali təhsil müəssisələrinin yaradılması, eyni zamanda, gələcək nəslin daha yaxşı yetişməsi üçün burada lazımı infrastruktura malik təhsil müəssisələrinin açılmasını təklif kimi irəli sürəcəyəm.
Vətənpərvər gənclərimiz cəbhə ilə yanaşı, sosial şəbəkələrdə də sağlam informasiya müharibəsi aparırlar. Onlar bütün dünyaya göstərdilər ki, təhsilimizi çox doğru istiqamətdə qurmuşuq. Cənab prezidentin də həmişə dediyi kimi, biz təhsildə əsasən, dövlətçiliyə, vətənpərvərliyə üstünlük verməliyik. Və gələcək nəsli də bu istiqamətdə gənclərimi yetişdirməliyik”.
“Məcburi köçkün statusu daşıyan Zəngilan, Kəlbəcər və s. məktəblər öz yerlərində fəaliyyətlərini bərpa edəcəklər”
Deputat Əziz Ələkbərli açıqlamasında azad edilmiş ərazilərdə görüləcək işlərdən söz açıb:
“Bu gün işğal altında olan bütün rayonlarımızda dağıdılmış məktəblər, uşaq bağçaları var. Torpaqlarımız azad edildikdən, burada lazımı infrastruktur bərpa ediləcək. Məcburi köçkün statusu daşıyan Zəngilan, Kəlbəcər və s. məktəblər öz yerlərində fəaliyyətlərini bərpa edəcəklər. Həmin regionlarda dövlət proqramı çərçivəsində təhsillə bağlı bütün məsələlərin həll ediləcəyinə əminəm.
Torpaqlarımız işğaldan azad edildikdən sonra burada təhsillə bağlı da lazımı işlər görüləcək. Xankəndindəki universitet bərpa ediləcək. Ağdamda və digər rayonlarda da yeni ali məktəblər yaradıla bilər. Torpaqlarımız geri qaytarıldıqdan sonra mən paytaxtdakı univeristetlərdən bir neçəsini, xüsusilə də özəl ali təhsil müəssisələrinin bu regiona köçürülməsini təklifinin tərəfdarıyam. Məncə, təkcə işğaldan azad edilmiş yerlərdə deyil, ölkənin digər yerlərində də bu tətbiq edilməlidir. Məsələn, bir ali məktəbin təxminən 20 min nəfər müəllim və tələbə kollektivi var. Bu kollektivin ölkənin müəyyən bir regionuna köçürülməsi həminərazidə istər sosial, istərsə də iqtisadi inkişafında mühüm rol oynayar. Bu baxımdan düşünürəm ki, ölkədə ali təhsil müəssisələrində korpus sisteminə keçməyə ehtiyac var”.