Dağlıq Qarabağ, eləcə də işğal altında olan rayonlarımız tarixi, mədəni abidələrlə olduqca zəngindir.
Dağlıq Qarabağda yerləşən nadir tarixi abidələr işğalda olduğu müddətdə erməni vandalizminə məruz qalıb.
AzEdu.az işğala qədər Qarabağ ərazisində yerləşən nadir tarixi-mədəni abidələrin bir qismi haqqında zəruri bilgiləri təqdim edir:
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb.
Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.
Şuşa tarixi abidələr şəhəri olub. Bu gün Şuşadakı həmin abidələr yerlə yeksan edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidləri, Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeyləri erməni təcavüzkarları tərəfindən dağıdılıb.
Eyni zamanda Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsi tamamilə darmadağın edilib.
Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağılıb, viran edilib.
Füzuli rayonun ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr) kimi tarixi abidələr bu yerlərin qədim tarixə malik olduğunu təsdiq edir. İndi onların demək olar ki, hamısı dağıdılıb.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dondarlı kəndində məscid, Dəmirçilər kəndindəki iki türbə, tağlı körpü,Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Zəngilan əsası XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilədək yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir.
Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci il ) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbir daşları ərəb, fars, Azərbaycan dilli yazılarla xalqımızın həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqımın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir.
Ümumilikdə zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalıb.
İşğal altında olan torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilmək üzrədir. Xristianlıq dövrünədək olan və xristianlıq dövrü abidələri isə erməniləşdirilir. Bu abidələrin üst yazıları dəyişdirilməklə ermənilərə məxsusluğu bəradə müxtəlif dillərdə dezinformasiya yayılır və beynəlxalq ictimaiyyətə çatdırılır.
İşğal olunmuş rayonlarımızda qalan muzeylərimiz aşağıdakılardır:
Qeyd edək ki, senytabrın 27-dən etibarən Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi əks-hücumlar nəticəsində bir Cəbrayıl şəhəri və bir sıra işğal altında olan kəndlərimiz geri qaytarılıb.