Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.
AzEdu.az Şəkinin Kiş kəndində təhsilin hansı şəkildə davam etdiyini öyrənmək üçün həmin bölgənin direktorları ilə ünsiyyətdə olub.
Şəki şəhər Kiş kənd 4 saylı tam orta məktəbin direktoru Vüsal İlyasov təhsil müəssisələrində koronavirusla bağlı vəziyyətin stabil olduğunu deyib:
“15 sentyabrdan bu günə kimi Operativ Qərargah tərəfindən verilən bütün qaydalar əsasında fəaliyyətimizi davam etdiririk. Hər gün şagirdlərin temperaturu ölçülür, sinif otaqlarında dezinfeksiya işləri mütəmadi olaraq aparılır. Ona görə də məktəbimizdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb. Onlar yarımqruplar şəklində dərsə gəlirlər. Şagirdlərin dərsə davamiyyəti yaxşı şəkildədir. Bütün şagirdlərimiz ilk dərs günü forma 1 sağlamlıq sənədini təqdim edirlər. Əgər onlar təhsil müəssisəsinə gəlmək istəmirlərsə, “forma-2” sağlamlıq sənədini təqdim etməlidirlər. Sənədi valideynlər yazır və onlardan kim övladını məktəbə göndərmək istəmirsə, bu formanı təqdim edir. Lakin həmin şagirdlər dərslərinə virtual olaraq davam etməlidirlər. Həmçinin, televiziyada verilən dərsləri dinləməli və kiçik, böyük summativlərdə də iştirak etməlidirlər”.
Şəki şəhər Heydər Əliyev adına Kiş kənd 1 mömrəli tam orta məktəbin direktoru Elçin Qarayev məktəblərində bir neçə şəxsin COVİD-19-a yoluxduğunu qeyd edib:
“Hər şeyi qayda və qanunlar çərçivəsində həyata keçiririk. Bizim məktəbdə iki müəllim koronavirusa yoluxmuşdu. Lakin bu fakt 15 sentyabra kimi baş verib. Onlar sağaldıqdan sonra işə qayıtdılar və bizə sağlam olduqları ilə bağlı sənəd təqdim etdilər. Bundan əlavə iki şagirdimiz də COVİD-19-a yoluxub. Onlardan birinin atası Rusiyada yaşayan vətəndaşımız idi və o, öz övladını yoluxdurmuşdu. Onlar 5 və 11-ci siniflərdə təhsil alırdılar. Digər hər şey öz yerindədir. Şagirdlərimizin dərsə davamiyyəti normal səviyyədədir. Onlar növbəli şəkildə dərsə gəlməklə sosial məsafəni qoruyurlar. Göndərilən bütün qaydalara əməl edirik. Məktəbimiz dezinfeksiyaedici məhsullar, spirt və maskalarla təmin edilib”.
Bütün müəllim və şagirdləri karantin qaydalarına əməl etməyə çağırırıq.