Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin hər birində müəyyən strategiya, təlim proqramı tətbiq olunur. Təhsilin digər pillələri nazirliyin nəzdində olsa da, məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən icra hakimiyyəti orqanlarının tabeliyində qalıb.
Bəs, bu amil məktəbəqədər təhsilin keyfiyyətinə nə dərəcədə mənfi təsir göstərir?
“Bakı bağçaları heç biri yeni proqramla işləmir”
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun əməkdaşı Xalidə Musayevə deyib:
“Təhsil haqqında” Qanuna əsasən təhsilin ilk pilləsi kimi məktəbəqədər təhsil müəssisələrində, uşaq bağçalarında da təhsil və tədris amili özünü göstərməlidir.
Fikrimcə, bu meyarlar yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə həvalə edilməlidir. Metodiki təminatla Təhsil Nazirliyi, digər təminatlarla, gündəlik qidalanma, təmizlik kimi məsələlərlə yerli icra hakimiyyəti məşğul olmalıdır.
Azərbaycanda 1997-ci ildən bu yana Təhsil Kurikulumu (proqramı) artıq 2 dəfə dəyişib. 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Qanun qəbul edilib. Bu qanunlara əsasən, bütün məktəbəqədər təhsil müəssisələri kurikulumlarla işləməlidir. Lakin Bakı bağçaları heç biri yeni proqramla işləmir, hələ də 1997-ci ilin proqramı ilə fəaliyyət göstərirlər. Bu durumun təhsilimizi nə dərəcədə geri atdığını görmək yəqin ki, çətin deyil. Məsələ ilə bağlı müəllimləri ya da bağçaları qınaya bilmərik”.
Xalidə Hüseynova gətirilən həll yollarından da danışdı:
“Mövcud durum da şagirdləri təhsildən geri qoyur. Bağçadan çıxan uşaq məktəbə getməlidir. Kurikulumlar elə hazırlanıb ki, burada təhsil pillələrin arasında varislik qorunur. Bağçadan birbaşa məktəbə keçdikdə şagird artıq çətinlik yaşayır.
Məsələ ilə bağlı görülən əsas işlərdən bir də məktəbəhazırlıq qruplarının yaradılmasıdır. Şagird bu qruplarda məktəbə kimi müəyyən hazırlıq keçir. Belə qruplara kifayət qədər müraciət olsa da bu da tam həll yolu deyil. Çünki bir çox işləyən valideynlərin övladlarını hazırlıq qruplarına gətirmək imkanı olmur”.