“Müəllimlik ixtisasını seçənlərin sayının artmasında bir çox səbəblər var. Səbəblərdən biri, son zamanlar müəllimlərin işə qəbulunun imtahanla keçirilməsidir. Əvvəlki dönəmlərdən çox fərqlənir. Yəni sən ixtisasın, məntiq , kurikulum üzrə biliklərə maliksənsə müəllim işləyə bilərsən. Burda artıq şəffaflıq var”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti, təlimçi İlkin Həsənov deyib.
Onun sözlərinə görə, başqa səbəb Təhsil Nazirliyinin həvəsləndirici tədbirləridir:
“Məsələn, yüksək bal toplayıb birinci ixtisas kimi müəllimliyi seçənlərə 100 manat təqaüd verirlər. Son vaxtlar müəllimliyin sosial mediada işıqlandırılması, ucqar kənd müəllimləri ilə müsahibələr də bu sahəyə marağı artırıb. Və yüksək bal toplamayan abituriyentlərin balları müəllimliyə çatırsa, onlar da universitetə girmək xətrinə müəllimliyi seçirlər.Bu kimi bir çox səbəblər var”.
Qeyd edək ki, 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçibsə, 2017-ci ildə bu rəqəm 1370 olub. Bu barədə məlumat Təhsil Nazirliyinin illik hesabatında yer alıb.