Məntiqi təfəkkür obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikas etdirilməsi ilə əlaqədar olan düşüncə formasıdır.
Məntiqi təfəkkür şagirdlərin düşünmə qabiliyyətləri və intelektual səviyyələrinin yüksəltməyə, bilik və bacarıq vərdişlərinin daha məzmunlu, ətraflı formalaşmasına, müstəqil fikir yürütməsinə xidmət edir.
Bəs, şagirdlərdəki bu keyfiyyəti orta məktəblərdə necə inkişaf etdirmək olar?
AzEdu.az bununla bağlı uşaqlarla mütəmadi işləyən psixoloqların fikrini öyrənib. Psixoloq Arzu Məmmədovanın sözlərinə görə, şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün müxtəlif test və dərs vəsaitləri var. Lakin onlar bundan əlavə, yaradıcı dərnəklərə yazılıb, əyləncəli şəkildə dil öyrənə, ən çox ailəylə vaxt keçirən zaman hiperaktiv oyunlar oynaya bilərlər:
“Bir yerdə uşaqlar yığılaraq ürəklər, rəqəmlər, hərflər üzərində müxtəlif cür oyunlar oynayır, bu zaman həm məntiqi təfükkürlərini inkişaf etdirir, həm də sosiallaşarlar. Ümumiyyətlə, məntiqi təfəkkürü inkişaf etdirmək üçün özəl proqramla məşğul olan uşaqda bu, çox effektiv olmur. Uşaqlar qrup halında, kollektiv şəkildə bu tapşırıqları icra edərsə, uşaqlar həm özgüvəni artırır, həm də onların təfəkkürü daha yaxşı inkişaf edir. Çünki sosiallaşma insanın öyrənmə prosesini daha da sürətləndirir”.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, məntiqi inkişaf etdirmək üçün xüsusi məntiq kurslarına getməyi məsləhət görür. Çünki orada profesionallar işləyir və bu daha yaxşı nəticə verərdi:
“Lakin hər kəsin büdcəsinə uyğun olmadığına görə, məntiq oyunlarını internet vasitəsilə ev şəraitində oynamaq, daha sonra yaşlarına uyğun olanını seçərək, “puzze”lərdən istifadə etmək lazımdır. Məntiqin inkişafı üçün riyazi oyunlar çox effektlidir. Bir uşağın məntiqini inkişaf etdirmək üçün ancaq bu kimi oyunlar lazımdır. Sosial fobiyası olan uşaqla qrup şəklində,özünə xas problemi olan uşağı isə fərdi şəkildə məntiqini inkişaf etdirmək lazımdır”.
Günel Yaşarqızı