Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün elektron qeydiyyat sabah başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 51.225 nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 47.038 nəfəri Azərbaycan, 4.187 nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I ixtisas qrupu üzrə ümumilikdə 18.903, II ixtisas qrupu üzrə 13.191, III ixtisas qrupu üzrə 14.903, IV ixtisas qrupu üzrə isə 4.228 abituriyent qeydiyyatdan keçib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini keçirəcək. Qeydiyyat prosesi mayın 17-dən start götürüb. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.