Bu il pandemiya ilə əlaqədar olaraq tədris sistemində gözlənilməyən dəyişikliklər oldu. Onlayn tədrisə keçid ani olduğu üçün bu psixoloji gərginlik yaratdı, lakin qısa zamanda özümü topladım və məsuliyyətlə çalışdım.
AzEdu.az xəbər verir ki, bu sözləri bu il 1-ci ixtisas qrupu üzrə Ali məktəblərə qəbul imtahanından 700 bal toplayan Abdullayev Hüseyn deyib.
Ağsu şəhərində anadan olan H.Abdullayev birinci sinfə Bakı şəhəri, Xətai rayon 264 saylı məktəb-liseydə başlayıb:
“Üç il orada təhsil aldıqdan sonra, təhsilimi Abşeron rayonu, Xırdalan şəhər 1 saylı tam orta məktəbdə davam etdirməyə başladım. Elə bu məktəbdən də məzun oldum. Orta məktəbdən İnformasiya Təhlükəsizliyi sahəsinə marağım olub. Bu səbəbdən 1-ci ixtisas qrupu üzrə hazırlaşdım. Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında maksimum nəticə göstərərək, 700 bal toplayanlar sırasına adımı yazdırdım. Çox sevinirəm”.
O deyir ki, 700 bal topladığını öyrəndikdə sevincini ilk olaraq ailəsi ilə paylaşıb:
“Sentyabrda 11-ci sinfə yeni başlayanda imtahanların aprel ayında olacağını düşünürdüm. Amma martda pandemiya ilə əlaqədar olaraq tədris prosesinin ənənəvi formada təşkili dayandırıldı. Bu ani qərar mənə psixoloji cəhətdən mənfi təsir göstərdi. Çünki tədris ilinin başlanğıcında bütün planlarımı aprel ayına görə qurmuşdum.
Onlayn tədrisə keçid ani olduğu və ölkəmizdə ilk dəfə təcrübə edildiyi üçün adaptasiya məsələsi bir az zaman aldı. Bu da öz növbəsində psixoloji cəhətdən müsbət hal deyildi.
Amma müəyyən müddətdən sonra yenə əvvəlki sistemimə qayıtdım. Qarşıma məqsəd qoydum və sanki heç nə olmamış kimi ənənəvi formada təhsil alırmış kimi dərslərə ciddi, məsuliyyətli yanaşmağa başladım. Pandemiya mənə mane ola bilmədi, ən yüksək nəticəni əldə etdim. Sevincimi, təbii ki, öncə ailəmlə bölüşdüm, müəllimlərim istər mesajlarla, istərsə də zəng edərək təbrik etdilər”.
700 bal toplayan H.Abdullayev müəllimlər tərəfindən onlayn dərslərin mükəmməl təşkil edildiyini də vurğulayıb. O deyir ki, hədəfi Bakı Ali Neft Məktəbinin tələbəsi olmaqdır:
“Bakı Ali Neft Məktəbinə qəbul olmaq və İnformasiya Təhlükəsizliyi ixtisası üzrə peşəkar kadr olmaq istəyirəm. Gələcək karyeramla bağlı təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Düşünürəm ki, magistratura səviyyəsində daha yüksək pillələrə nail olacağam”. (Oxu.az)