Əliyev Zəka (612 bal, I qrup)
Əliyev Zəka Ziya oğlu 2003-cü ilin yanvar ayının 8-də Astara rayonun Kakalos kəndində anadan olub. Orta təhsilini 6-cı sinifədək Kakalos kənd tam orta məktəbində aldıqdan sonra “İstək” liseyində təhsilini davam etdirib. 2018- ci ildə Pensər kənd 2 saylı tam orta məktəbinə qayıdıb və 10-11-ci sinifi burada başa vurub.
O, bir neçə gün öncə nəticələri məlum olan qəbul imtahanlarında yüksək göstəricisinə görə fərqlənib. Oxuduğu ucqar kənd məktəbi üçün 612 bal kifayət qədər yüksək göstəricidir. Lakin bu Zəkanın yeganə uğuru deyil. AzEdu.az-a açıqlamasınd abu barədə ətraflı danışır:
-Bugünədək hansı bilik yarışlarında iştirak etmisiniz?
-Respublika, beynəlxalq və zona üzrə təşkil olunan yarışlarda iştirak etmişəm. 9 və 10-cu siniflərdə oxuyarkən Lənkəran Dövlət Universitetində keçirilən zona fənn olimpiadasında riyaziyyat fənni üzrə I- yerə layiq görülmüşəm. Respublika fənn olimpiadalarında 2018-2020 ci ildə müvafiq olaraq II-III- yerləri qazanmışam. 2019-cu ildə Azərbaycanda keçirilən “İstedadların Beynəlxalq Hazırlığı Laboratoriyası”nda III- yerə layiq görüldüm.
-Pandemiyaya görə təşkil olunan distant təhsil imtahana hazırlıq prosesinizə necə təsir etdi?
-Pandemiyaya görə ənənəvi formada təhsil dayansa da biz dayanmadan distant formada hazırlıqlara davam etdik və nailiyyət qazandıq.
-İmtahan prosesi necə keçdi?
-Qəbul imtahanına 10-cu sinifdə hazırlaşmağa başladım. Bəzi çətinliklərim oldu. Lakin göstərdiyimiz səylər nəticəsində lazımi nəticəni əldə etdik.
-Hansı ixtisası seçmək fikriniz var?
-XXI- əsrin informasiya, kompüter, kibertəhlükəsizlik dövrü olduğunu nəzərə alaraq təhsilimi kompüter elmlərində davam etdirəcəm.
-Uğur qazanmaq üçün hansı qaydalarınız var?
-Mən uğura gedən yolun intizam və çox çalışmaqdan keçdiyinə inanıram.
-Tələbə adını qazanmaq istəyənlərə nə kimi tövsiyələriniz var?
-Əsas qarşınıza məqsəd qoyun və bu məqsəd üçün dayanmadan səylə çalışın.
Tərlan Hüseynov (IV- qrup, 638 bal) - ” Mən şansa inanmıram”
Tərlan Hüseynov da Astaranən ucqar kənd məktəbində təhsil almasına baxmayaraq, çox uğurlu göstərici ilə yadda qalıb. Əvvəlcə onu yaxından tanıyaq:
Hüseynov Tərlan Zaman oğlu 2003- cü ildə Astara rayonun Pensər kəndində anadan olub. 2009-2018-ci illər ərzində Pensər kənd 2 saylı tam orta məktəbində təhsil aldıqdan sonra 2018- ci ildə Lənkəran “İstək” liseyində bir il təhsilini davam etdirib. Yenidən Pensər kənd 2 saylı orta məktəbində təhsil alaraq həmin məktəbin məzunu olub.
-Bugünədək hansı yarışlara qatılmısınız?
İlk respublika səviyyəli uğurumu 6-cı sinifdə oxuyarkən Beynəlxalq Poçt İttifaqının keçirdiyi respublika inşa müsabiqəsində III- yerə layiq görülərək qazandım. 9,10 və 11-ci siniflərdə ardıcıl olaraq Respublika Fənn Olimpiadalarında finala vəsiqə qazandım və 11- ci sinifdə bürünc medala layiq görüldüm. Lənkəran Dövlət Universitetinin Zona üzrə Fənn olimpiadasında kimya fənni üzrə I- yerə, eyni zamanda 11-ci sinifdə oxuyarkən “İstedadların Beynəlxalq Hazırlığı Laboratoriyası”nda ölkəmizi təmsil edərkən 5 nəfər medal qazanmışdı, biri də mən idim. “Ölkəmizi tanıyaq” layihəsində Quba,Qusar, Xaçmaz istiqamətində bilik yarışmasında iştirak etmişəm, komandamız 1-ci yerə layiq görülüb.
11- ci sinifdə İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişində iştirak etmişəm və ilk üçlükdə mübarizə aparmışam.
Qazandığım uğurlara görə Təhsil Nazirliyi tərəfindən orta məktəbi medalla bitirməyimə görə namizəd seçilmişəm.
Pandemiya dövrü şagirdlər, xüsusən də abituriyentlər üçün çox çətin oldu. Bəs, siz karantin günlərini necə dəyərləndirdiniz?
-Karantində Təhsil Nazirliyinin təşkil etdiyi teledərsləri izləyirdi. “Virtual Məktəb”də müntəzəm iştirak edir və birinci həftə üzrə keçirilmiş “Virtual əlaçı” bilik yarışmasının 11-ci siniflər üzrə ilk qalibi oldum.
-İmtahan prosesi necə keçdi? Bu nəticəni gözləyərdiniz?
-9-cu sinifdən artıq universitetə hazırlıq prosesinə başladım. Lakin, karantinə görə hazırlıqlar dayandı və mən də onlayn dərslərdə iştirak etdim. İnanırdım ki, gözəl nəticə əldə edəcəyəm. Elə də oldu.
-Hansı peşəyə yiyələnəcəksiniz?
-İnşallah, həkim olacağam.
-Yüksək nəticə əldə etmək üçün abturiyentlərə nə məsləhətlər verərdiniz?
-Hər şey hədəfdən başlayır. Əvvəla özlərinə hədəf seçsinlər. Ən əsası dərslərdə aktiv olmaq lazımdır. Ümumiyyətlə, mən düşürəm ki, uğurun tək sirri çox çalışmaqdır. Mən şansa inanmıram. Bir də müəllimlərin məsləhətlərini düzgün yerinə yetirməlidirlər, çünki müəllimlər qaranlıq yolda şagirdlərə işıq göstərənlərdir.
Gülər Seymurqızı