“Kids Studio” uşaq bağçasındakı hadisədən sonra bağçaların icra hakimiyyətləri, yoxsa Təhsil Nazirliyinin tabeliyinə keçməsi gündəm mövzusu olub.
Bir neçə gün əvvəl Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova AzEdu.az-a müsahibəsində bu məsələylə bağlı fikirlərini bildirib.
“Bu barədə danışmaq üçün gərək, məktəbəqədər təhsil ocaqlarını yaxşı tanıyasan, onlarla işləyəsən, məlumatın olsun ki, dediyin söz hansısa faktlara əsaslansın. Məndə bu faktlar yoxdur. Maraqlanmıram bununla, çünki iş sahəm tam başqadır. Yəni bu məsələdən bir o qədər də məlumatım yoxdur. Sadəcə bir şeyi bilirəm ki, son illər bizdə məktəbəqədər təhsil çox inkişaf edib. Yəni çoxsaylı yeni uşaq bağçaları, bu səviyyədə fəaliyyət göstərən təhsil ocaqları yaradılıb”.
Rektorun sözlərinə görə, belə müəssisələr uşaqları əvvəl 30% təmin edirdisə, indi bu 60%-dir. Bu göstərici qısa müddətdə 2 dəfədən artıq çoxalıb.
“Mən bilirəm ki, son 5-6 ildə bu müəssisələr arasında çox səviyyəli, müasir, maddi-texniki bazası yüksək səviyyədə olanlar yaranıb. Amma “bağçaların icra hakimiyyəti, yoxsa Təhsil Nazirliyi tərəfindən idarə olunması daha yaxşı olar?” sualına gəlincə, bu barədə nəsə deyə bilmərəm. Çünki burada həm ərazi idarəetmə komponenti, həm də Təhsil Nazirliyi tərəfindən metodika, təhsil nöqteyi-nəzərindən idarə edilməsi məsələləri var. Hansının daha vacib olduğuna konkret cavab verə bilmirəm, çünki o sahəylə bir o qədər də tanış deyiləm”.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb