Əziz müəlliməm biz 4 ildir ki, birlikdəyik. Hər çətin anımızda, eyni, təkrarlanan səhvimizdə bizim yanımızda olduğunuz, bizim savadlı və tərbiyəli böyüməyimizi təmin etmək üçün əlinizdən gələni etdiyiniz, hətta özünüz çətin vəziyyətdə olmağınıza baxmayaraq hər daim bizə qol-qanad gərdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirik. Sizin bizim üçün etdikləriniz bir ananın övladına baxması, onun qayğısına qalması qədər çətin, əziyyətli və qarşılığı ödənilməz bir şeydir.
Biz 4-cü sinifik. Yəni bu il bizim 4 ildir əziyyətimizi çəkən sevimli müəlliməmizlə sağollaşmalı olacayıq. Bu, əlbəttə ki, bizim üçün çətin olacaq. Yeni müəllimlərimizə uyğunlaşmalı, yeni insanlarla tanış olmalı, daha çox dost qazanmalıyıq. Lakin sizin əziyyətinizin qarşılığını ödəmək, sizin əziyyətinizi yerə vurmamaq üçün hər daim çalışqan olacağımıza, düzgün dostlar seçəcəyimizə, insanlara sevgi və qayğı ilə yanaşacağımıza söz veririk.
İlin sonunda buraxılış sinifi olduğumuz üçün bir şənlik təşkil etməyi planlaşdırırdıq. Lakin virusa görə, həm təhsil ocaqlarının, həm də əyləncə mərkəzi və restoranların bağlanması bizim bu şənliyi təşkil etməyimizə mane oldu. Bu bizim üçün kədərlidir. Lakin bizim qarşımıza qoyulan qaydalar da çox vacibdir. Biz də sizin sözünüzə uyğun olaraq, bu qaydalara riayət edir, vacib olmayan məqamlarda çölə çıxmır, çıxsaq belə qoruyucu maska və əlcəklərdən istifadə edirik.
Hər il bizim üçün təşkil etdirdiyiniz müxtəlif şənliklər və ekskursiyalar bizim həm öyrənməyimizə, biliyimizi artırmağımıza, həm də əylənməyimizə şərait yaradıb. Bunların hamısı sizin əmək və əziyyətlərinizin nəticəsidir. Buna görə sizə ayrıca təşəkkür etmək istəyirik. Bu ekskursiyalarda öyrəndiyimiz məlumatlar bizim dünya görüşümüzün formalaşmasında böyük rol oynayıb. Getdiyimiz ekskursiyaların hər birininin fərqli peşə və sahələrə yönəlməsi bizim şəxsi inkişafımızda, gələcəkdə hansı peşə sahibi olmaq istədiyimiz sualına da cavab tapmağımıza və hər bir peşənin çətinliklərini görməyimizə köməklik edib.
Bütün tədris ili boyunca keçirdiyiniz müxtəlif müsabiqələr və bizi qatdığınız müxtəlif layihələr, həm dünya görüşümüzü artırıb, həm də ətraf mühiti anlamaq qabiliyyətimizi inkişaf etdirib.
Bundan başqa bizə bədii ədəbiyyatı sevdirən insan da sizsiniz. Hər ay təşkil etdiyiniz oxu yarışmaları, oxuduğumuz kitabların müzakirəsi bizim zehni baxımdan zənginləşməmizi təmin edib.
Əziz müəlliməm, səmimi olaraq öz və mənimlə həmfikir olan yoldaşlarım adından sizə bir sirr açmaq istəyirəm. Bundan sonrakı müəllimlərimə adı ilə müraciət edəcəyik. Məsələn, Əli müəllim, Sevda müəllimə və s. Elə düşünməyin ki, bu, sadəcə eqo məsələsidir. Bu, bizim sizə olan sədaqətimiz və sevgimizlə bərabər, həm də təbii haqqınızdır. Düşünürəm ki, onlar buna görə bizdən incimiyəcək. Çünki biri ədəbiyyat, biri riyaziyyat, biri musiqi, digəri tarix öyrədəcək. Sizsə bütün bunlarla bərabər, həm də həyatı öyrətdiniz bizə. Bu yaşıma kimi elə bilirdim ki, adamın bir müəllimi olur. Sonra yanıldığımı anladım. Daha sonra anladım ki, yanılmamışam, ADAMIN yalnız bir MÜƏLLİMİ olur. Mənim müəllimim də sizsiniz. Bu, mən yaşadıqca, dəyişməyəcək az həqiqətlərimdən biri olaraq, qalacaq.
Sizi çox sevən şagirdləriniz (övladlarınız)!
220 nömrəli məktəb-liseyin 4H sinif şagirdləri