İnkişaf etmiş dünya ölkələrinin təhsil sahəsində bir-birinə yaxınlaşması, təhsil müəssisələrinin, təlim-tərbiyə prosesinin qarşılıqlı inteqrasiya olunması təhsilin müasir inkişaf tendensiyalarının əsasını təşkil edir. Elə buna görə də Azərbaycanda həyata keçirilən təhsil islahatının başlıca məqsədi onu dünya standartları çərçivəsində irəli aparmaqla qabaqcıl ölkələrin sırasına çıxarmaqdan ibarətdir. Bunun üçün, ilk növbədə, dünyanın sivil ölkələrinin təhsil təcrübələrini öyrənib ümumiləşdirmək, ən faydalı olanlardan istifadə etmək zəruridir.
Kanadanın təhsil sisteminə nəzər salaq:
Kanada təhsil siyasətinin müəyyən olunması və onun həyata keçirilməsində demokratik prinsiplərə əsaslanan inkişaf etmiş ölkələrdən biridir. Burada təhsil üzrə federal idarə sistemi yoxdur. Təhsil federal səlahiyyət bölgüsünə uyğun olaraq idarə edilir. Dövlət kanadalıları pulsuz ibtidai və orta təhsillə təmin edir, müxtəlif yaşdan olan və müxtəlif yerlərdə yaşayan insanların tələbatlarını ödəyir. Hər əyalətdə və ərazidə olan təhsil nazirliyinə ərazinin qanunverici orqanının seçilmiş üzvü başçılıq edir.
İbtidaitəhsil…
Kanadada ibtidai təhsilə qədər uşaqların təhsil alması zəruri hesab edilir. Ümumiyyətlə, Kanadada 15 500 məktəb fəaliyyət göstərir. Onlardan 10000-i ibtidai, 3400-ü orta məktəbdir və 2000-i isə (ibtidai və orta məktəbdir) qarışıqdır. Orta hesabla hər məktəbdə 351 şagird oxuyur. İbtidai siniflər üçün konkret dərsliklər yoxdur. Onları əvəz edən çoxlu sayda resurslar vardır. Qalan siniflər üçün isə variativ dərsliklər mövcuddur.
Kurikulum islahatları… Kurikulumlar və onların hazırlanması.
Müəllim olmaq üçün daha çox pedaqoji peşə ilə bağlı vacib olan fənləri öyrənir, onlar əsasında kreditlər toplayırlar. Hələ ötən əsrin 90-ci illərində kanadalıları belə bir sual düşündürürdü: “Təhsil insanların ehtiyaclarını ödəyir, ya yox?” Onlar suala cavab tapmaq üçün araşdırmalar aparmış, ilk növbədə, kurikulumların yeniləşdirilməsinin vacibliyini müəyyən etmişlər. 90-ci illərin ortalarına doğru islahatlara başlamışlar. 1997-ci ildə nəticəyönümlü kurikulumların ilkin nümunələrini hazırlamışlar.
Kurikulumların hazırlanmasında xüsusi texnologiyalardan istifadə olunur. Bunun üçün, ilk növbədə, işçi qrupları yaradılır. Onlar geniş müzakirələr şəraitində fənlər üzrə standartları formalaşdırır. Kanadada Kurikulum Şurası fəaliyyət göstərir. 11 nəfərdən ibarət müəyyən olunmuş məsləhət şurası ona rəhbərlik edir.
Dərsliklər necə tərtib olunur?
Dərsliklər özəl nəşriyyatlar tərəfindən hazırlanaraq dəyərləndirilmək üçün müvafiq quruma göndərilir. Bir dərslik ən azı 18-24 ay müddətində hazırlanır. Müsbət qiymətləndirilən dərsliklər nəşr olunur. Məktəb şuraları, məktəblər variativ dərsliklərdən məqsədəuyğun olanını seçir və bu barədə qərar qəbul edir.
İXTİSASARTIRMA
“Müəlimlərin peşəkarlıq səviyyəsinin yüksəldiməsinə, ilk növbədə, onların özləri cavabdehlik daşıyırlar”
Kanadada 1970-ci ildə qəbul olunmuş qərara əsasən müəllimlər ixtisasartırma tədbirlərində iştirak etməyə başladılar. Artıq 1980-cı ildə tədris proqramlarının yeniləşdirilməsi müəllimlərin yenidən təkmilləşdirilməsi tələbini qarşıya qoydu. 1995-ci ildə ixtisasartırmanın inkişaf etdirilməsi barədə qanun qəbul olunur. Bu qanunda cəmiyyətin müəllimlər qarşısında qoyduğu tələblərdən çıxış edilərək bir sıra vəzifələr müəyyənləşdirilir. Müəlimlərin peşəkarlıq səviyyəsinin yüksəldiməsinə, ilk növbədə, onların özləri cavabdehlik daşıyırlar. Ona görə də bu sahədə bir sıra vəzifələrin yerinə yetirilməsi onların məsuliyyətinə aid edilir. Məsələn, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dair ehtiyacları müəyyən etmək; peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dair strategiyaların tərtib olunmasında iştirak etmək; planlaşdırma strategiyalarının həyata keçirilməsinin iştirakçısı olmaq; planlaşdırma tədbirlərinin həyata keçirilməsini və nəticələrini qiy- mətləndirmək.
Peşəkarlıq səviyyəsinin yüksəldilməsində Təhsil Nazirliyinin, universitetlərin, məktəb şuralarının özünəməxsus vəzifələri vardir ki, onların reallaşdırılmasında müəllimlərin təşəbbüskarlığı, fəaliyyəti aparıcı rol oynayır.
Valideyn komitələrinin fəaliyyət mexanizmi
“Onlar az miqdarda əmək haqqı alırlar”
Kanadada valideyn komitələri geniş fəaliyyət göstərir. Onlar, demək olar ki, təhsilin bütün problemlərinin idarə edilməsində yaxından iştirak edirlər. Valideyn komitələrinin məktəb şuraları ilə sıx əməkdaşlıq fəaliyyəti bütövlükdə təhsilin inkişafına güclü təkan verir. Yalnız Kvebek əyalətində 72 valideyn komitəsi fəaliyyət göstərir. Onun əlaqədə olduğu 72 məktəb şurası 4500-ə yaxın məktəbi əhatə edir. Məktəb şuralarına 4 ildən bir seçilən komissarlar rəhbərlik edirlər. Onlar az miqdarda əmək haqqı alırlar. Bu şuraların üzvlüyünə şagirdlər də seçilirlər.
Hər ilin sentyabrında valideyn komitələri məktəb şuralarına bərabərhüquqlu iştirak edəcək iki nümayəndə (ibtidai və orta təhsil üzrə) təqdim edir. Onlar məktəbin bir sıra problemlərinin həll olunmasında yaxından iştirak edirlər. Kurikulumların hazırlanması ilə bağlı müxtəlif məzmunlu müzakirələr keçirirlər.
Belə böyük nailiyyətləri olan bir ölkənin təhsil sahəsindəki təcrübəsini bir səfərlə öyrənmək, bir məqalədə əhatə etmək mümkün deyildir. Bunun üçün sistemli araş- dırmalar aparmaq, zəngin təhsil ənənələrini ardıcıl şəkildə öyrənmək tələb olunur.