Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə rəhbərinin, həmin müəssisələrdən digər dövlət ümumi təhsil müəssisələrinə dəyişdirilməsi isə tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.
Bəs pedaqoji fəaliyyətinə fasilə verən müəllimlərin işəqəbulu prosesi necə həyata keçirilir?
AzEdu.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI” nın bir bəndində məlumat verilib.
Qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başa çatdıqdan sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər yalnız müsabiqədən keçdiyi ixtisas üzrə dərs apara bilərlər. Bu qaydalar qüvvəyə mindikdən sonra müəssisələrə işə qəbul olunan müəllimlər ikinci ixtisas üzrə dərs aparmaları üçün onların həmin ixtisasdan da mərkəzləşdirilmiş müsabiqədə iştirak etməsi tələb olunur.
Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.