“Dərslər açıldıqdan sonra məktəb və universitetlərdə qiymətləndirmə üzrə analizlər aparılmalı və ekstremal vəziyyətin qarşısını almaq üçün planlar hazırlanmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov deyib.
O, müəllimlərin sertifikatlaşdırılmasının necə həyata keçiriləcəyi barəsində danışarkən, bir neçə məqama toxunub:
“Düşünürəm ki, karantin rejiminin uzadılması müəllimlərin sertfikasiyasına kölgə salmayacaq. Yaranan vəziyyətlə əlaqədar, təlim məşğələləri və digər təhsillə bağlı məsələlər dayandırılıb. Hazırda hansısa prosesin gecikdiyini demək düzgün deyil. Çünki bütün tədbirlər məhdudlaşdırılıb. Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, 2020-ci ildən müəllimlərin sertifikasiya məsələsi başlayacaq. Koronavirus qlobal xarakterli olsa da, o, heç bir tədbirin dayandırılmasına kölgə sala bilməyəcək. Ola bilsin ki, hansısa məsələ yubansın və bundan dolayı gecikmə yaşansın. Çünki gündəmdə olan vacib məsələ sağlamlıqdı. Sertifikasiya ilə bağlı dəqiq vaxt isə hələ ki söylənilməyib. Buna görə də burada heç bir mənfi hal yaşana bilməz”.
Ənvər Abbasov summativ qiymətləndirmənin necə tənzimlənəcəyi ilə bağlı məsələ haqqında fikirlərini bölüşüb:
“Bildiyimə görə hazırda Təhsil Nazirliyində summativ qiymətləndirilmə istiqamətində qabaqlayıcı tədbirlər görülür. Dərslər açıldıqdan sonra məktəb və universitetlərdə qiymətləndirmə üzrə analizlər aparılmalı və ekstremal vəziyyətin qarşısını almaq üçün planlar hazırlanmalıdır. Bu istiqamətdə göstərişlərin olacağını düşünürəm. Hazırda təhsilin bütün səviyyələrində proses onlayn şəkildə aparılır. Ciddi qurulan proqram əsasında təlim məşğələləri tərtib edilir. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin qəti qərarı olduqdan sonra aydın şərh vermək mümkündür. İndiki vaxtda bizim söz deməyimiz subyektiv fikir kimi səslənə bilər.
Hazırkı şəraitdə mən də ali məktəblərin birində dərs deyirəm. Biz cədvəl əsasında məşğələlərimizi aparırıq. Seminar və mühazirələrimizi normal şəkildə keçirik.
Mədəniyyət kanalında “ Dərs vaxtı” verlişi yayımlanır. Müəllimlər televiziyanın imkanlarına uyğun olaraq, dərs keçirlər. Bütün işlərimizi şəraitə uyğun olaraq görürük. Biz evdə qalırıq, lakin dərsdən yox! İnşallah bu çətinlikdən üz ağlığı ilə çıxacağıq. Mən prosesin içində olan biri kimi düşünürəm ki, işlər normal qaydasında gedir və daha optimal variant tapsaq işimiz bir az da yaxşılaşacaq. Ümid edirəm ki, respublikamız bu gərgin vəziyyətdən tezliklə çıxacaq. Sonra isə normal təhsil həyatımıza qayıdacayıq”.
Qeyd edək ki, may ayının 31-nə kimi ölkədə tədris və buna bağlı bütün məsələlər dayandırılıb.