“Əgər məktəblərin açılması 4 may tarixində olarsa, summativ qiymətləndirmə elə həmin zamandan aparılacaq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun direktoru Emin Əmurullayev deyib.
O, dərs müddəti başlayandan sonra məktəbdaxili qiymətləndirmənin necə olacağı haqqında fikirlərini bildirib.
“İlk növbədə məktəblərin açılması ilə bağlı qərar bilinməlidi. Sonra isə summativ qiymətləndirilmə istiqamətində tətbirlər görülməlidir. Çünki tədris müəssisələrinin fəaliyyətini nə zaman bərpa edəcəyini bilmirik. Əgər məktəblərin açılması 4 may tarixində olarsa, summativ qiymətləndirilmə elə həmin zamandan aparılacaq. İndiki mərhələdə nəsə demək çox çətin olardı. Hələ ki, təhsil ocaqları işini dayandırıb. Onlar açıldıqdan sonra təqvim planı tərtib edilməli və buna uyğun olaraq dərs cədvəli müəyyənləşdirilməlidir. Sonra isə summativlərlə bağlı qərar verilməlidi. Hazırda elə bir zamandır ki, məktəbdaxili qiymətləndirmənin tərtibi haqqında dəqiq nəsə demək düzgün olmazdı. Məsələn, tez bir zamanda qiymətləndirmələr keçirilməlidir fikrini irəli sürək. Dərslər 4-ü yox, 11-i açılsa, o zaman bu dediyimin heç bir mənası qalmayacaq. Əgər dərslər 4-ü açılsa, Təhsil Nazirliyi buna uyğun qiymətləndirilmənin necə aparılacağı haqqında düşünməlidir. Çünki hazırda cəmiyyətdə dərslərin hansı formada keçiriləcəyi haqqında fikir yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq dərslər tənzimlənəcək. Oradan verilən qərarlara uyğun olaraq summativ aiymətləndirmə haqqında düşünmək olar. İndi hər hansısa fikir desək, cəmiyyətdə çaşqınlıq yaranacaq. Bu həftə ərzində biləcəyik ki, mayın 4-də dərs başlayır, ya yox. Əgər 4 may ilk dərs günü olsa, bu istiqamətdə daha dəqiq fikir yürütmək olar”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın əmrinə əsasən mayın 4-ü ilk tədris günüdür.