Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində tədricən yumşaldıcı tədbirlərə başlanması, epidemioloji vəziyyətin təhlilindən sonra qərar qəbul olunacağından, mövcud vəziyyətə uyğun tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacağından bəhs edərkən Təhsil naziri Ceyhun Bayramov şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlərin davam etdiriləcəyini bildirmiş, imtahanların əsas sual doğuran məsələlərdən biri olduğunu xüsusi olaraq vurğulamışdı. Onun sözlərinə görə, yeni reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planları hazırlanır.
Nadir İsrafilov
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini
Nazir tərəfindən olduqca ciddi və düşündürücü məsələlərə bu qədər obyekti və həssas münasibət, yaranmış vəziyyətlə bağlı bütün maraqların nəzərə alınması və hər hansı bir narahatlıqlara son qoyulması ilə bağlı belə bir yanaşma, istər-istəməz iki il bundan qabaq mətbuat səhifələrində dərc olunmuş bir sinqapurlu məktəb direktorunun imtahanlardan əvvəl valideynlərə göndərdiyi məktubu mənə xatırlatdı. Həmin duyğulandırıcı məktubu hörmətli oxucularımızla da bölüşməyi özümə borc bildim.
Əziz valideynlər.
Uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Hər birinizin övladınızın imtahanlarda uğurlu olması barədə narahat olduğunuzu bilirəm. Lakin, xahiş edirəm, unutmayın ki, imtahana girən uşaqların arasında riyazi biliklərə ehtiyacı olmayan bir sənətçi olacaq … Tarixi, ya da ingilis ədəbiyyatını əhəmiyyətsiz hesab edən bir idarəçi … Kimyadan aldığı qiymətlər önəmli olmayan bir musiqiçi, fizika dərslərindən daha əhəmiyyətli olan bir idmançı olacaq … Əgər uşağınız bütün fənnlərdən yüksək nəticə göstərsə, bu, çox yaxşıdır! Amma əgər bunu bacarmazsa… Xahiş edirik, uşağın özgüvənini əlindən alıb, qürurunu sındırmayın. Övladlarınıza aşağı nəticələrin problem yaratmadığını və bunun sadəcə imtahan olduğunu söyləyin. Onlar həyatda daha böyük işlər üçün uyğun kadr ola bilərlər. İmtahanda neçə qiymət almaqlarından asılı olmayaraq, onları daim sevəcəyinizi və günahlandırmayacağınızı onlara bildirin. Bunu mütləq edin və bunu etdiyiniz zaman uşaqlarınızın dünyanı fəth etdiyini seyr edin. imtahan ya da aşağı göstəricilər, onların xəyal və bacarıqlarını əllərindən ala bilməz. Bir də lütfən, həkimlərin və mühəndislərin dünyadakı tək xoşbəxt insanlar olduqlarını düşünməyin.