Azərbaycan və bütün dünya bu gün çətin bir sınaqla üz-üzə qalıb. Bu müddətdə hər kəs öz imkanları daxilində faydalı olmağa çalışır.
Neftçala rayon İ.Babayev adına tam orta məktəbin psixoloqu Tağıyev Elmir psixoloji xidmətlə insanlara dəstək olmağa çalışır. Koronavirus epidemiyası ilə bağlı mübarizəyə dəstək məqsədi ilə ödənişsiz psixoloji ilkin yardım xidmətini həyata keçirir. Rayon vətəndaşları pandemiya nəticəsində yaranan simptomlar, sosial izolyasiya və stressdən qaynaqlanan problemlərlə əlaqəli dəstək alırlar. Psixoloji xidmət xəttinə zəng edən valideynlər isə psixoloq tərəfindən ailədaxili münasibətlər, ev daxilində öyrədici fəaliyyətlər, ailədaxili sosial fəaliyyətlər kimi dəstəkləyici proqramlarda təklif edilir.
Elmir müəllim AzEdu.az vasitəsilə vətəndaşlara ödənişsiz psixoloji xidmət təklif edir:
“Əsasən Mərkəzi Aran rayonlarının vətəndaşlarını əhatə edən psixoloji xidmət həftənin 7 günü saat 08.00-22.00 aralığında (02126) 3-29-21 telefon nömrəsi vasitəsilə həyata keçirilir. Könüllü psixoloqlardan ibarət peşəkar komandası mövcud vəziyyətlə bağlı yaranan psixoloji gərginlik və təşviş hallarının telefon xətti ilə qəbul edəcək və qısa zamanda cavablandıracaq. Zərurət yarandığı halda isə əvvəlcədən planlaşdırılmış vaxtda videozəng formatında əlaqə saxlanılacaqdır.
Eyni zamanda 0507562121 nömrəli WhatsApp xəttinə də ad və yaşlarını qeyd edərək, virus səbəbi ilə yaşadıqları problemləri qısa bir şəkildə yazmaları da kifayət edir. Sizə ən qısa zamanda psixoloji dəstək verilməyə başlanılacaq”.
Elmir müəllimin sözlərinə görə, bu dəstək vətəndaşın sağlamlığına qovuşmasına qədər davam edəcək:
“Apardığımız psixoloji xidmət vasitəsilə yüzlərlə insanın psixoloji saglamlığına qovuşmasını hədəfləyirik.
Bütün dünyanı təsiri altına alan bu epidemiya bizim seçimimiz deyil, amma bu müddəti necə yaşayacağımız bizim seçimimizdir. “Autizmli uşaqlara dəstək proqramı” layihəsinin davamı olaraq xüsusi təhsil ehtiyacları olan uşaqların valideynləri də psixoloji dəstək ala bilirlər. Evdə tətbiq edilə biləcək fəaliyyətləri ailələrin öyrənmələri və bunları evdə həyata keçirmələri çox önəmlidir”.
Müsahibimiz fürsətdən istifadə edib, yayılmış epidemiya ilə bağlı bir neçə tövsiyələrini də bizimlə bölüşdü:
“Epidemiya ilə bağlı olaraq insanların ərzaq və tibbi ləvazimat depoladığı son günlərdə ruhi sağlamlığının da qayğısına qalmaq vacibdir. Bunu üçün ilk növbədə:
-Doğru xəbər qaynağını izləyin, doğru xəbərlər əldə etməyə çalışın;
-Lazımsız şəkildə həyəcan və təşviş yaradan, qorxularınızı şiddətləndirən xəbərlərdən uzaq durun;
-Sağlamlıqla bağlı yalnız Səhiyyə nazirliyinin və ÜST-ün Web sitələrini izləyin;
-Virusla bağlı xəbərlərə məruz qalmaqdan çəkinin.
-Gigiyena, qidalanma, yuxu rejiminə əməl edin. Sağlam həyat tərzinizi davam edin, rutinizi pozmayın, idman edin. Həzin musiqilər dinləyin. Ailədaxili münasibətlərdə bir-birimizə hörmətlə yanaşın və dəstək olun. Zamanınızı yaxşı dəyərləndirməyə çalışın, çalışdığınız vaxtlarda vaxtın məhdudluğu səbəbindən edə bilmədiyiniz fəaliyyətləri həyata keçirməyə çalışın.
Ən önəmlisi isə dövlətimizin karantin rejimi ilə bağlı tələblərinə ciddi şəkildə riayə edərək, hər birimiz əlimizdən gələnin ən yaxşısını edərək bir-birimizi qorumaq üçün “biz” olmağa çalışmalıyıq. Unutmayaq ki, “Hamımız təhlükəsizlikdə olmayınca, heç birimiz təhlükəsizlikdə deyilik”. Biz birlikdə güclüyük!