Koronavirus pandemiyasına görə dərslərin təxirə salınması şagirdlərin bütün gün evdə vaxt keçirməsinə səbəb oldu.
Valideynlərin əksəriyyəti yarı zarafat, yarı ciddi uşaqların evdə qalmasını “problem” olaraq dilə gətirdilər.
AzEdu.az təhsil işçilərinin evdə övladları ilə necə vaxt keçirdiyi, həmçinin öz işlərini necə nizamladıqları ilə maraqlanıb.
Müsahibimiz Quba Rayon Təhsil şöbəsinin nümayəndəsi Qələmşah Dostuyev övladları ilə hər şeyi saatla nizamladığını, məhsuldar vaxt keçirdiklərini qeyd edib.
Bir düzən olanda daha rahat olur
“Hamı necə biz də elə! (gülür). Uşaqların demək olar ki, hamısı eyni cürdür. Tv, telefon, oyun tələb edirlər. Amma, mən də, uşaqlar da vəziyyətdən narazı deyilik. Bir az sahmana salmaq lazımdır, vəssəlam. Uşaqlarla razılaşmışıq və günü müəyyən saatlara bölmüşük. Dərs oxumaq, TV- yə baxmaq, evdə oyun oynamaq ( şahmat, şaşki və ya uydurduğumuz hansısa bir oyun) həyətdə oyun oynamaq ( futbol, ortada qaldı) və sair. Bir düzən olanda daha rahat olur.
Arada isə onlar güləşirlər və mən hakimlik edirəm. Qərarlarımla razı olmayanda isə balacası mənə təzyiq edir (gülür) Bəzən də hamımız bir yerdə evi yığışdırırıq. İməclik edirik. Qısası , mən halımdən məmnunam”.
O, həmçinin onlayn iş rejimindən və gündəlik işlərindən də danışıb.
“İşə getməsəm də, bir sıra işləri elə evdən görürük. Hansısa rəqəmlər və ya məlumatlar tələb olunur ki, onlayn formada işləyirik. Üstəgəl, virtual məktəb layihəsinin daha çox valideynə çatdırılması və şagirdlərin qeydiyyatdan keçməsinə kömək edirik.
Mənim həyat yoldaşım müəllimdir və hər gün onlayn dərs keçir. Həmin zamanlar mən uşaqlarla xüsusi məşğul oluram ki, uşaqlar ekranda özlərinə yer edib dərsə daxil olmasınlar (gülür). Gün ərzində zaman- zaman sosial şəbəkələrdəki məlumatları izləyirəm. Cəmi yarım saat- bir saat arası kitab oxuyuram . Amma hər gün oxumaq olmur. Bir qədər araşdırma mövzularına meyl saldığım üçün adamı yorur. Belə… Hə, bir də xeyli gül toxumu əkmişik.Trabzondan alıb gətirmişdim”.