AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
9-15 mart tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Prezident rektoru vəzifəsindən azad etdi
Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.
Universitetlərdə “sərbəst iş” ləğv edildi
Nazirlər Kabineti Azərbaycan universitetlərinin bakalavriat səviyyəsində “sərbəst iş” üçün mövcud olan tələbləri ləğv edib.
Qaydalara əsasən, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən ibarətdir.
Ceyhun Bayramovdan müəllimlərin maaşı ilə bağlı açıqlama verdi
Təhsil naziri koronavirusla əlaqədar məktəblərdə tədrisin dayandırılmasının müəllimlərin əməkhaqqına necə təsir edəcəyini açıqlayıb.
O, bildirib ki, bu kimi hallarda işçinin günahı olmadan iş fəaliyyəti dayandırıldıqda qanunvericilikdə işçinin əməkhaqqısının ödənilməsi nəzərdə tutulub.
Mədəniyyət kanalında teledərslər başladı
9 mart etibarən, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib.
Təxirə salınan dərslərlə bağlı yekun qərar Nazirlər Kabineti tərəfindən veriləcək
“Hazırda taxirə salınan dərslərin necə əvəzlənəcəyi barədə müzakirələr aparılır”.
Bunu açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Azərbaycanda ali məktəblərdə tədris ilinin müddəti uzadıldı
Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.
Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.
Əmrdə qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin.
Ramiz Mehdiyev koronavirusla bağlı sərəncam imzaladı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılıqlar verilib.
Təhsil Nazirliyindən daimiləşmə müsabiqəsi ilə bağlı müraciət müddət uzadılıb
Cari ilin mart ayı ərzində yaranan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul edilən müəllimlərin daimiləşmə müsabiqəsində iştirakının təmin edilməsi məqsədilə elektron sənəd qəbulunun müddəti uzadılıb.
Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad olunur
Bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək.
Bu tələbələrin magistratura xərclərini dövlət ödəyəcək
Azərbaycan hökuməti valideynlərini itirən, yaxud valideyn himayəsindən məhrum olan tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.
Bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan məktəblisi dünyanın ən nüfuzlu universitetinə qəbul alıb
Azərbaycan məktəblisi dünyanın ən nüfuzlu universitetinə (Massachussets Institute of Technology) qəbul alıb.
Bu barədə Abutalıb Namazov özü feysbuk səhifəsində yayıb.
Abutalıb Namazov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11 ci sinif şagirdidir. Abutalıb Namazov İnformatika fənni üzrə beynəlxalq Jautıkov olimpiadasının qızıl medal mükafatçısı, riyaziyyat fənni üzrə JBMO-nın gümüş medal mükafatçısıdır. O, ümumilikdə respublika olimpiadalarında 6, beynəlxalq olimpiadalarında 8 medal qazanıb.