Təhsil Nazirliyi digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulunun aparılması qaydasını açıqlayıb.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, 2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək. Digər dildə tədris aparılan bölmə üzrə müsahibənin qeydiyyatı martın 30-dək aparılacaq.
Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün I sinfə şagird qəbulu elektron sistemində şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata alınır. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.
Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə uğur qazandıqdan sonra valideyn mayın 1-dən sentyabrın 14-dək şəxsi kabinetə daxil olub məktəb seçimi edə bilər.