“Hazırda münsiflər heyəti final mərhələsində təqdim olunacaq tapşırıqlar üzərində işləyirlər”.
Bunu AzEdu.az-a açıqlamasında Təhsil İnstitunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, Olimpiadalara Hazırlıq Mərkəzinin rəhbəri Fuad Qarayev bildirib:
Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün Respublika fənn olimpiadalarının yarım final və final mərhələsinə bu il kifayət qədər olub. Əvvəlki illərlə müqayisədə hazırda olimpiadalara qatılan və uğur qazanan şagirdlərin sayı da xeyli artıb:
“Əvvəlki illərdən əsas fərq bu il iştirak edən şagirdlərin sayının kifayət qədər artmasıdır.
Bu onu göstərir ki, Respublika fənn olimpiadalarına maraq getdikcə artır. 2018-ci ildə Milli Məclisin növbədənkənar iclasında Respublika fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslar üzrə ali məktəblərə müsabiqəsiz qəbul olmaq qərarı öz müsbət təsirini göstərdi. Əsas bu müsbət tendensiyanı vurğulaya bilərik.
Hər il fənn olimpiadalarında kəmiyyətlə bərabər, keyfiyyət artımı da olur. Daha hazırlıqlı, istedadlı uşaqların iştirakı münsiflər heyəti tərəfindən sualların daha da çətinləşdirməsinə səbəb olur.
Koronovirus təhlükəsinin təhsil sisteminə o cümlədən dünyada beynəlxalq səviyyədə keçirilən olimpiadaların təşkilinə yaratdığı maneələr olduqca maraqlı məsələdir. Dərslər məlum vaxtadək müvəqqəti təxirə salınıb. Elə isə bu problem olimpiadaların təşkilinə də təsir edəcəkmi? F.Qarayevi dinləyək:
“Hazırda belə ciddi bir təsiri yoxdur. Qeyd etdiyim kimi, Respublika fənn olimpiadalarına hazırlıq münsiflər heyəti tərəfindən aparılır. Ancaq həyata keçiriləcək tədbirlər rəhbərliyin qərarı ilə tənzimlənəcək.
Son illər Azərbaycan təhsil sistemində aparılan islahatyönümlü layihələr ölkənin rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq qabiliyyətli gənclərin formalaşmasına münbit zəmin yaradıb. Bu istiqamətdə mühüm addımlardan, şübhəsiz ki, son illərdə ölkəmizdə geniş vüsət almış fənn olimpiadaları, beynəlxalq bilik yarışlarının öz yeri var. Hər il keçirilən fənn olimpiadalarında müəyyən dəyişikliklər edilir. Final turunda necə, nə kimi yeniliklərin tətbiqi gözlənilirmi?
“Respublika fənn olimpiadalarının keçirilməsində kifayət qədər dəyişikliklər edilmişdi. Respublika fənn olimpiadaları Beynəlxalq fənn olimpiadaları standartında keçirilir. Ona görə hər il yenilik etməyə ehtiyac yoxdu. Əsasən onu söyləmək istəyirəm ki,final turunda iştirak edən şagirdlər olimpiada bitən kimi tapşırıqların düzgün həlli, münsiflərin qiymətləndirmə meyarları ilə tanış olurlar. Bundan əlavə, nəticələr elan olunduqdan sonra bizdə yazı işlərinə baxış prosesi var. Şagirdlər münsiflər heyəti ilə birlikdə öz nəticələrinə baxıb müəyyən elmi müzakirələr apara bilirlər.
F.Qarayev RFO-nun final mərhələsində şagirdlərin hansı fənlər üzrə yüksək və zəif nəticələr əldə etməsinə də toxunub:
“Riyaziyyat və Azərbaycan dili fənni üzrə iştirak edən şagirdlərin sayı daha çoxdur. Sizə belə statistik məlumat verim: 1989-cu ildən 2014-cü ilə qədər informatika fənni üzrə iştirak edən şagirdlərin sayı 600 nəfər idisə, sadəcə, bu il informatika fənni üzrə şagirdlərin sayı 800 nəfər oldu. Bu onu göstərir ki, olimpiadalara kifayət qədər maraq var. Şagirdlərin ayrı-ayrı fənlər üzrə nəticələri fərqlənir”.
Ülkər Abdurahmanlı