Bu gün Milli Məclisin (MM) ilk iclası-yaz sessiyasının açılışından əvvəl Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı başlayıb. Hər iki toplantı qısa, təxminən bir saat çəkib.
İclasda YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi irəli sürülüb.
AzEdu.az Milli Məclisə yeni sədr təyin olunan Sahibə Qafarovanın elmi fəaliyyətini təqdim edir:
IV və V Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı Sahibə Qafarova iki ali təhsillidir. O, indiki Bakı Slavyan Universitetini və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib.
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
Uzun illərdir ki, ölkəmizi Avropa Şurası Parlament Assambleyasında, AVRONEST-də təmsil edir.
Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
Filologiya elmləri doktoru, professordur.