Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Koronavirus təhlükəsinin yayılması ilə bağlı artıq bütün təhsil müəssisələrində tədris prosesi dayanıb. Lakin qərardan öncə də bir çox insanlar epidemiya ilə əlaqədar təhsil ocaqlarına üz tutmurdular.
AzEdu.az-a danışan məktəb müəllimləri tətil elan olunmamışdan əvvəlki vəziyyət haqqında məlumat veriblər.
Yardımlı rayonu Şıxhüseynli kənd orta məktəbinin tarix-coğrafiya müəllimi Posu Mansırlı virusun yaratdığı təhlükədən söz açıb.
“Epidemiya ilə əlaqədar olaraq, bəzi valideynlər övladlarını məktəbə buraxmırdılar. Təhsil müəssisəmiz dezinfeksiya olunduğuna görə virus qorxusu yox idi. Bundan əlavə, şagird və müəllimlər tibbi spirtdən istifadə edirlər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərə virusdan qorunmaq üçün təlimatlar verilib. Ümumi olaraq burada tədris prosesi məlum qərara qədər tam qaydasında gedib. Hər hansı ciddi narahatçılıq duyulacaq hadisə baş verməyib”.
Səbail rayon 132-134 saylı Təhsil Kompleksinin fizika müəllimi Hikmət Mehdiyev qeyd edib ki, koronavirus təhlükəsi tədirs prosesinə müəyyən qədər mənfi təsir göstərmişdi:
“Dərsə davamiyyət qərar qəbul edilməmişdən öncə də olduqca az idi. Hətta bəzi valideynlər övladlarını hazırlığa belə getməyə icazə vermirlər. Həftənin birinci günü isə soyuq hava şəraiti ilə əlaqədar məktəbdə şagirdlərin sayı az idi”.
Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Elvin Bəkirov tətilə qədər məktəblərində davamiyyətin normal olduğunu qeyd edib:
“Şagirdlərimiz hər zaman gigiyenik qaydalara əməl edirlər. Müəllimlər koronovirusla bağlı kifayət qədər marifləndirilib. Onlar bu barədə uşaqlara da məlumat verirlər. Biz yay aylarında əlavə dərslər keçməyə hazırıq ki, geridə qalan boşluqları doldurmaq mümkün olsun”.