“Şagirdlərin dərslərdən geri qalması onların tədris proqramlarında ciddi bir problem yaratmayacaq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında professor, pedaqoq Fərrux Rüstəmov deyib.
O, koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrinin bağlanmasının şagirdlərə mənfi təsiri olub-olmayacağı barədə danışıb:
“Cəmiyyətin əsas vəzifəsi bu ölkəyə sağlam nəsil yetişdirməkdir. Təhsildən əvvəl millətin sağlamlığı irəli gəlir. Məktəb və universitetlərin bağlanması gənclərin sağlamlığını qorumaq məqsədi ilə görülən tədbirdir. Hazırkı vəziyyət immuniteti zəif və sağlamlıqlarında müəyyən problemlər olan uşaqlar üçün təhlükəlidir. Ona görə də ölkənin bütün ərazilərində dərslər dayandırılıb. Bu, çox vacib və təqdirəlayiq addımdır”.
Pedaqoq valideynlərə epidemiyadan qorunmaq üçün bir sıra məsləhətlər verib:
“Valideynlərdən xahişim budur ki, istirahət günlərində uşaqları kütləvi tədbirlərə aparmasınlar, övladlarını ictimai yerlərdən uzaq tutsunlar və onların sağlamlığının qayğısına qalsınlar. Çünki bizim gələcəyimiz onlardan asılıdır”.
Fərrux Rüstəmov tətil elan olunması ilə əlaqədar tədris proqramlarından geri qalmamaq üçün bir sıra tövsiyələr verib;
“Şagirdlərin dərslərdən geri qalması onların tədris proqramlarında ciddi bir problem yaratmayacaq. Çünki elan olunan tətil günlərinin ikisi 6-cı və bazar, biri isə 8 marta düşür. Yəni, dərslərə cəmi 4 gün ara verilmiş olacaq. Bu ibtidai siniflərdə çox dərs saatının buraxılmasına gətirsə də, yuxarı siniflərdə bir çox dərslər həftədə bir dəfə keçirildiyi üçün böyük bir problem yaratmayacaq. Bu dərsləri müəllimlər oxu şəklində evə verməklə yaranan boşluğu aradan qaldıra bilərlər. Əgər hökumət ciddi ehtiyac hiss etsə, dərs proqramlarını başqa günlərlə əvəz edə bilər. Əlavə dərsləri yay aylarına salmaq, yaxud da mart ayında olan bayram günlərindən bəzilərini tədrisə əlavə etmək mümkündür. Lakin düşünürəm ki, təhsil müddətinin bir həftə azaldılması ilə insanın sağlamlığı müqayisə olunmaz məsələdir. İnsan kapitalı bizim üçün hər zaman önəmli olub.
Valideynlər başa düşməlidir ki, koronavirus çox təhlükəli xəstəlikdir. Bizə lazım olan odur ki, bu xəstəlikdən sağ şəkildə çıxa bilək. Təhsil məsələsi çox asanlıqla həll oluna bilər. Böyük təhlükələr vaxtı elə olub ki, dərslər uzun müddət dayandırılıb. Hətta müharibə zamanı dərslər bir ilə qədər məhdudlaşdırılıb. Bəzən bu aylarla da çəkib. İndiki valideynlərin yadında olar ki, əvvəllər oktyabr və dekabr ayları pambıq yığımı üçün nəzərdə tutulurdu. Bir həftə məqsədli olaraq dərslərin dayandırılması cəmiyyətə əslində böyük xeyir verəcək. Ona görə də bu məsələdən təşviş keçirməyə, narahat olmağa ehtiyac yoxdur. Hansı valideynlər ki, daha çox narahatlıq keçirir, onlar övladlarının dərsləri ilə evdə də məşğul ola bilərlər. Əgər müəllimlər istiqamət versələr, şagirdlər evdə də dərslərini rahat şəkildə hazırlaya bilərlrər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.