“Koronavirusla bağlı bütün dünyada həyəcan hiss olunur. Nazirlər Kabinetinin yanında yaradılmış operativ qərargah düzgün addım atdı. Görülən tədbiri təqdir edirəm. 7 gün dərs olmayacaq. Düşünürəm ki, bu müddət tədris prosesinə elə də ciddi təsir göstərməyəcək”.
Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü, təhsil eksperti Etibar Əliyev deyib. O, məktəblərin koronovirus təhlükəsi səbəbindən bağlanmasının o qədər də ciddi tədris probleminə yol açacağını düşünmür:
“Bu istiqamətdə atılan addımı təqdirəlayiq hal hesab edirəm. 7 gün dərs olmayacaq. Düşünürəm ki, bu müddət tədris prosesinə elə də ciddi təsir göstərməyəcək. Bu addım qabaqlayıcı tədbir idi. Bütün hallarda ehtiyatlı olmaq lazımdır. Bu tədbir həyəcanlara da son qoydu. Müəllimlər arada yaranan boşluğu doldurmaq üçün gərgin işləməlidirlər. İctimai rəy də nəzərə alındı. Uzun müddətli yay tətilləri olur. Düşünmürəm ki, arada yaranan bu qısa müddətdən sonra şagirdlər dərsə adaptasiya problemi yaşasınlar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.