“Günümüzdə kolleclərin bağlanmasına böyük ehtiyac var”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Allahverdi Eminov deyib.
O, kollecləri cəmiyyətə xeyr verməyən qurum adlandırıb:
“Kolleclər lazım olan təhsil və bacarıq tələbatlarını ödəmirlər. Son günlər Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri hamıya məlumadur. Bu bir daha sübut edir ki, kolleclərin sıradan çıxmasına zərurət var.
Cəlilabadda iki kollec arasında olan məsafə 20 kilometrdir. Lənkəran Dövlət Universitetindən bir küçə sonra isə daha bir kollec yerləşir. Buna ehtiyac yoxdur və heç kimə lazım da deyil. Müasir dövrdə nə universitet, nə də kolleclər tələbələrə təyinat vermir. Onlar təhsil alıb, işsiz qalırlar. Mən bu məsələni neçə illərdir ki, gündəmə gətirirəm. Pedaqoji təmayüllü kolleclərin Azərbaycanda fəaliyyət göstərməsinin isə qəti əleyhinəyəm. Onların artıq heç bir mənası və əhəmiyyəti qalmayıb. Kolleclər hazırda keyfiyyətsiz kadr hazırlığı ilə məşğuldular. Müəllim kimi fəaliyyətim dövründə ixtisasartırmaya gələn kollec tələbələrinin heç nə bilmədiklərini müşahidə etmişəm. Müxtəlif rayonlarda mövcud olan kolleclər lazımsız və cəmiyyət üçün yararsız şəkildədir. Kolleclərin bu vəziyyəti universitetlərin də öz funksiyasını itirməsinə gətirib çıxarıb. Kollec tələbələri diplom əldə edir və işlə təmin oluna bilmirlər. Bu mənada birmənalı şəkildə kollec təhsilin əleyhinəyəm. Respublika ərazisində olan dağlıq bölgələrdə ehtiyat üçün bir neçə kollec yaradılmalıdır. Lakin hazırda elə rayonlar var ki, orada sayı 5000-i keçmiş kollec məzunları var. Bu heç kimə lazım deyil. Üstəlik, kolleclərin filiallarını da açırlar. Buna görə də birmənalı şəkildə buna qarşıyam.
Nəticə olaraq, onu qeyd edək ki, kollec tipli müəssisələrdə islahatların aparılmasına böyük ehtiyac var”.