Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji xidmətin inkişafına ehtiyacı çoxdur. Tez-tez şagirdlərin təlimə münasibətlərinin zəifləməsi, tərbiyə səviyyəsinin aşağı düşməsi, müəllim şagird münasibətlərində, eləcə də müəllim-valideyn münasibətlərində çətinliklərin olması barədə mülahizələrin şahidi oluruq. Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, risk qrupuna aid olanların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir.
Hər bir şagirdin imkanını aşkara çıxarmaq, onun inkişafına təkan vermək məktəbdə təlim- tərbiyəni optimallaşdırmağın əsas tələblərindəndir. Psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə tətbiqinin ən perspektiv yollarından biri təhsil sisteminin bütün sahələrinə psixoloji xidmətin təşkilindən ibarətdir.
I Şıxlı kənd tam orta məktəbində psixoloji xidməti yaxşılaşdırmaq üçün son vaxtlar bir sıra tədbirlər həyata keçirilir.
Azyaşlıların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə, məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün məktəbin psixoloqu və müəllimləri ilə birlikdə beş yaşlı uşaqlar və onların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Məktəb psixoloqu A. Cəfərova bu yaş dövrünə uyğun uşaqların psixoloj xüsusiyyətləri və valideynlərin onlarla yaş səviyyələrinə uyğun davranmaları haqqında məlumat verdi. Tədbirin sonunda məktəbin direktoru M.Qocayev beş yaşlılara Təhsil Nazirliyi tərəfindən göndərilən dərslik və dərs ləvazimatları təqdim edib.
Görüşün məqsədi valideyn və şagirdləri psixoloji xidmət işi haqqında maarifləndirmək olub.
Eyni zamanda, məktəbin psixoloqu A.Cəfərova ibtidai sinif müəllimi R.İbrahimova və UBTR-N.Yusubova evdə fərdi təhsil üzrə 1-ci sinifdə oxuyan Şəmmədli Xəyal Ramin oğlunun evində olub, Xəyal və valideynləri ilə söhbət aparıblar.
Müəyyən olunub ki, oxuduğu beş ay müddətində Xəyalın psixoloji durumunda inkişaf var; o, artıq bir neçə hərfi tanıyır, saymağı, insanları dinləməyi, diqqətini toplamağı bacarır.
Psixoloq valideyinə bundan sonra daha diqqətli olmağı, uşağın psixologiyasına uyğun davranmağı məsləhət görüb. Valideyn dövlətin övladına olan bu qayğısından çox razılığını bildirdi.