Qəbul imtahanları ilə bağlı ən çox verilən suallardan biri də imtahanlarda tələb olunan məbləğlə əlaqəlidir.
DİM-dən AzEdu.az-a verilən məlumata görə yeni imtahan modelinin tətbiqi ilə xərclərin məbləğində də artım müşahidə olunub. İmtahan qiymətlərini təqdim edirik.
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanı 20 manat, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarının tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanına 20 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında iştirak üçün 30 manat ödəniş edilir.
Ali təhsil müəssisələrinin bakalavriat ( tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı 40 manat, magistraturaya qəbul imtahanı 60 manat məbləğində müəyyənləşdirilib. Azərbaycan Milli Elmlər Akademiyasına magistr qəbulu da eyni məbləğdə müəyyənləşdirilir.
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanın baza fənləri üzrə I mərhələsi 60 manat, ixtisas fənləri üzrə II mərhələsi üçün 100 manat nəzərdə tutulur.
Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında isə məzunlar 10 manat ödəniş etməlidir.
Qeyd edək ki, dövlət qulluğu üzrə imtahanlar xüsusi tariflər əsasında müəyyənləşdirilib.
A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə test imtahanında AA 110, AB-100, AC-90 manat, B növü - inzibati icraçı vəzifələr üzrə BA-80, BB-70 manat məbləğində ödəniş edilməsi təsdiqlənib.