“Orta məktəblərdə informatika fənni elə bir vəziyyətə salınıb ki, heç bir şagird onu oxumur. Mən ölkənin müxtəlif məktəblərində işləyən 100-dən çox informatika müəllimi ilə sosial şəbəkələr vasitəsilə ünsiyyət qururam. Hamı vəziyyətdən şikayət edir. Müəllimlər dərsi yüksək səviyyədə keçməyə çalışsa da, şagirdlərin fənnə yanaşması ürəkaçan deyil. Onlar belə münasibət göstərirlər: Bu fənn universitetlərə qəbul imtahanında yoxdur, onu oxumaq nəyimizə lazımdır?”
Bu fikirləri mövzu ilə bağlı AzEdu.az-a danışan Dövlət İmtahan Mərkəzinin riyaziyyat müəllimi, informatika təlimçisi Sübhan Musayev səsləndirib. O, müasir dövrdə informatikanın əhəmiyyətindən danışıb:
“Müasir dövrdə informatika ölkənin inkişafı və digər məsələlərə bağlı fənlərin hamısının önündədir. Məsələn, biz gələcəkdə Azərbaycanda “Google”, “Microsoft” “Youtube” kimi şirkətlərin, portalların yaradılmasını istəyiriksə, bu fənnə dəyər verməliyik. Yeni tətbiqlərin hazırlanmasında informatika əhəmiyyətlidir. Dünyada ən çox gəlir əldə edən şirkətlər informatika sahəsinə aid işlər görən müəssisələrdir. Gələcək kompüterlərdə, proqramlaşdırma sahəsindədir”.
Onun fikrincə, qəbul proqramına informatikanın salınmaması orta məktəblərdə bu fənnə qarşı laqeydlik yaradır.
“Təkcə orta məktəblərdə deyil, magistraturaya, dövlət qulluğuna qəbul imtahanlarında informatikadan suallar salınsa da, kifayət qədər problemlər var. Təbii ki, təməl orta məktəbdən başladığına görə əvvəlcə burdakı problemləri həll etmək lazımdır. İnformatika müəllimlərindən biri mənə deyir ki, 9-cu sinifə qədər hər şey qaydasında idi. Şagirdlər fənni sevirdilər, çox həvəslə dərs keçirdik. Onlar qəbul imtahanlarına hazırlaşmağa başlayandan sonra yavaş-yavaş informatikadan uzaqlaşdılar. Artıq elə bir vəziyyət yaranıb ki, sinifdə heç kim fənnə maraq göstərməyib. Bu yanaşmanı aradan qaldırmaq üçün qəbul proqramına salınmasa belə, hansısa bir üsulla fənnin əhəmiyyətlilik dərəcəsini artırmaq lazımdır”.
S.Musayev hesab edir ki, I qrupda kimya informatika fənni ilə əvəzlənsə, faydalı olar:
“Ümumiyyətlə, qəbul imtahanının blok fənlər üzrə aparılması təhsil ekspertlərinin fikirləri və dünya təcrübəsi əsasında müəyyənləşib. Amma mənim və bir çox müəllimlərin yekdil fikri odur ki, I qrup blok fənlərində kimya informatika ilə əvəzlənsin. Əsas məsələ bu fənnin vacib olduğunu şagirdlər, valideynlər qəbul etsinlər”.
Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil meneceri, informatika müəllimi Mələk Hacıyeva da I qrupa informatikanın salınmasının vacibliyindən danışıb.
“Digər qruplar üzrə fənnlər ilə ixtisaslar uyğundur. Amma birinci qrupda informatika müəllimliyi, proqramlaşdırma, texnologiyalar olduğu halda, informatika fənn kimi imtahana salınmır. Müasir dövrdə şagirdlər bu fənni mənimsəməlidir. Bildiyiniz kimi magistratura ,dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin informatika üzrə bilikləri yoxlanılır. I qrupda fənnin olmaması ürəkaçan deyil. Kimya fənninin əvəzinə informatika salınmalıdır. Məntiqlə düşünsək, kimya həm də IV qrupda olduğu üçün “Kimya müəllimliyi” ixtisası da bu qrupa daxil edilib. Bəs nə üçün I qrupda “İnformatika müəllimliyi” ixtisası olduğu halda, abituriyentlər informatikadan imtahan verməsinlər?”.
O qeyd edib ki, MİQ müsabiqəsindən sonra bu fənnin tədrisi məktəblərdə xeyli yaxşılaşıb.
“Əvvəllər bəzi məktəblərdə informatikanı ixtisas müəllimləri tədris etmirdilər. Artıq MİQ müsabiqəsindən sonra məktəblərdə informatika müəllimi çatışmadıqda vakansiyalar elan olunur ki, bu da tədrisi xeyli yaxşılaşdırır. Lakin məlum məsələdir ki, şagirdlər imtahan verəcəyi fənnə daha maraqlı olurlar. Mən informatikaya maraq yaratmaq üçün tədrisi oyunlar, yarışlar əsasında qururam, fənnin istənilən peşədə, ixtisasda rolunu vurğulayıram”-deyə informatika müəllimi M. Hacıyeva sözlərinə əlavə edib.