Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahana qeydiyyat 2019-cu il dekabrın 24-dən 2020-ci il yanvarın 24-dək aparılıb və bu müddət ərzində 71 namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün yanvarın 27-dən fevralın 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 27, 28 və 29 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.